“Qubad İbadoğlunun həbsi ölkənin təşkilatdan çıxardılması ilə nəticələndi”
Avqustun 17-də Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi (OGP) Azərbaycanı bu platformadan uzaqlaşdırıb.
OGP daha açıq, inklüziv və daha məsuliyyətli hökumətlər qurmaq üçün minlərlə vətəndaş cəmiyyəti təşkilatı ilə əməkdaşlıq edən 75 ölkə və 104 yerli hökumət orqanının qlobal tərəfdaşlığıdır.
Azərbaycan artıq OGP-də iştirakçı ölkə hesab olunmayacaq.
Status “donduruldu”, sonra…
Azərbaycan OGP-yə 2011-ci ildə qoşulub və ictimai xidmət, açıq məlumat bazası və fiskal şəffaflıq kimi sahələrdə öhdəlikləri öz üzərinə götürərək üç fəaliyyət planı təqdim edib.
Həmçinin, 2015-ci ildə qeyri-kommersiya təşkilatları OGP-yə narahatlıq məktubu yazaraq, onların fəaliyyətlərinə qarşı qoyulan məhdudiyyətlərin “vətəndaş cəmiyyəti təşkilatlarının Açıq Hökumət Tərəfdaşlığı prosesində effektiv iştirak etmək imkanlarını ciddi şəkildə təhdid etdiyini” iddia ediblər. OGP-nin yaydığı məlmatda deyilir ki, hərtərəfli araşdırma aparıldıqdan sonra narahatlıqların əsaslı olduğu aşkar edilib və bu prosesdən sonra Rəhbər Komitə 2016-cı ildə Azərbaycanın fəaliyyətini müvəqqəti olaaq dayandırmaq qərarına gəlib.
2017-ci ilin iyununda Rəhbər Komitə Azərbaycanın “dondurulmuş” statusunun daha bir il müddətinə uzadıb. Çünki 2015-ci ilin “cavab siyasəti” prosedurlarında və Rəhbər Komitənin verdiyi tövsiyələrdə qaldırılan əsas məsələlər həmin vaxt həll edilməmiş olaraq qalıb. 2018-ci ilin dekabrında isə Rəhbər Komitə öncəki 12 ay ərzində vətəndaş cəmiyyətinin iş şəraitində ara-sıra yaxşılaşmalar olduğunu bildirib. Lakin Azərbaycan hökumətinin tövsiyələri tam şəkildə yerinə yetirmək üçün heç bir sistematik dəyişiklik və ya islahatlar aparmadığı vurğulanıb.
Beləliklə, Azərbaycanın “dondurulmuş” statusunun uzadılması barədə qərar qəbul edilib və Azərbaycan hökumətinin əldə etməli olduğu bir sıra mərhələləri qeyd edib.
İki gün öncə isə platformanın yaydığı məlumatda bu mərhələlərin yerinə yetirilməməsinin avtomatik olaraq cavab siyasətinin nəzərdən keçirilməsinin bitməsinə gətirib çıxaracağı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında iştirakının daimi olaraq dayandırılacağı vurğulanıb.
OGP-nin Müstəqil Hesabatlılıq Mexanizminin 2023-cü ilin mayında həyata keçirdiyi dəyərləndirməyə əsasən görünür ki, Azərbaycan hökuməti OGP tərəfindən müəyyən edilmiş tövsiyələrə riayət etməyib. Eyni zamanda, 2018-ci il qərarlarının tələblərinə cavab verməyib. Nəticə olaraq, OGP Rəhbər Komitəsi yekdilliklə Azərbaycanın Tərəfdaşlığa üzvlüyünü qalıcı olaraq dayandırmaq və ləğv etmək üçün razılıq əldə edib.
Azərbaycan yenidən üzvlük statusu əldə etməsi üçün ilk növbədə OGP-nin uyğunluq meyarlarına cavab verməlidir. O cümlədən, dəyərlərlə bağlı yoxlanışdan keçməli və OGP İcraiyyə Komitəsindən təsdiq almalıdır.
“Biz Azərbaycanın Tərəfdaşlıqda qalmaq şərtlərini yerinə yetirmədiyini və vətəndaş cəmiyyəti üçün çətin şəraitin davam etdiyini görməkdən çox təəssüf duyuruq”,– deyə Açıq Hökumət Tərəfdaşlığının Baş İcraçı Direktoru Sanjay Pradhan qeyd edib.
O bildirib ki, Azərbaycan artıq Tərəfdaşlığın üzvü olmasa da, onlar hökumət və vətəndaş cəmiyyətinin tərkibində açıq hökumət prinsiplərinin irəliləməsinə sadiq qalan islahatçıları dəstəkləməyə hazırdırlar.
“Mən bu islahatçıları həmyaşıdları ilə mübadilə proqramları və başqa öyrənmə imkanları vasitəsilə OGP ilə əlaqələri davam etdirməyə təşviq edirəm ki, Tərəfdaşlığa yenidən qoşulmaq üçün ölkələrinin tələblərə cavab verməsinə kömək etsinlər”,- deyə Pradhan fikrini bitirib.
Akif Qurbanov: “Qərar çoxdan gözlənilirdi”
OGP-in qərarının çoxdan gözlənildiyini Meydan TV-yə söyləyən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanovun sözlərinə görə, təşkilat uzun müddət idi rəsmi Bakıya vaxt və konkret tövsiyələr verirdi:
“Hələ o vaxt mən deyirdim ki, Azərbaycan hökumətinin tövsiyələri həyata keçirmək iradəsi görünmür və bu, nəticə olaraq özünü göstərdi. Rəhbər Komitə də qərarını vermək məcburiyyətində qaldı”.
Akif Qurbanov hesab edir ki, qərarın qəbulunda çox sadə səbəblər olub:
“Bunun əsas mahiyyəti hökumətlərlə vətəndaş cəmiyyəti bir araya gələrək şəffaflıq, hesabatlılıq, açıq hökumətin və açıq idarəetmə sisteminin qurulmasıdır. Azərbaycan hökuməti heç bir halda qanunu və mühiti dəyişmirsə, deməli, sadaladığım prinsipləri öz fəaliyyətində əsas götürmür. Ona görə Azərbaycan hökumətinə nə qədər vaxt verməsinə baxmayaraq, bu, mövcud duruma adekvat deyildi və təşkilatın missiyası ilə hökumətin davranışı daban-dabana zidd idi. Bu baxımdan qərar gecikmiş olsa da, mövcud duruma adekvatdır”.
Akif Qurbanovun sözlərinə görə, qərar Azərbaycanın imicinə istər beynəlxalq maliyyə korporosiyaları qarşısında, istərsə də azadlıq, demokratiya, şəffaflıq indeksi ilə bağlı reytinqlərdə təsir göstərəcək:
“O cümlədən, hökumətin ifadə etdiyi, guya “şəffaflıq güclənir, korrupsiyayla mübarizə güclənir” tipli piar çalışmaları heç bir formada işə yaramayacaq. Çünki Azərbaycanla bağlı rəsmi qərar qəbul edilib. Necə ki, Mədən Sənayesi Şəffaflıq Təşəbbüsündə də eyni hal baş vermişdi. O da neqativ təsirlərini göstərdi, indi də həmin təsirlər təkrarlanacaq. Konkret olaraq, xarici investisiya baxımından neqativ təsir göstərir. Bununla da Azərbaycan getdikcə təcrid olunmuş, avtoritar imicini gücləndirir”.
Akif Qurbanov güman etmir ki, hökumət vəziyyətin yaxşılaşdırılması üçün hər hansı addımlar atacaq:
“Hökumətin Mədən Sənayesində Təşəbbüs Təşkilatı ilə bağlı mövqeyi beləydi: əgər bizi bəyənmirsizsə, təkbaşına bu addımları həyata keçirərik. Amma yaxın 6 ildə hökumət hansı addımları atıb, məlum deyil. Əksinə, Azərbaycan Mədən Sənayesində Təşəbbüs Təşkilatından uzaqlaşdırılan dövrdə müəyyən görüntülər, daxili ictimai rəy üçün göstərici addımlar atdı. Ancaq sonra bunlar da “sabun köpüyü” kimi buxarlandı. Nəticə etibarı ilə fundamental qərar olmadı. Eləcə də Açıq Hökumət Tərəfdaşlığı ilə əlaqədar hər hansı addım gözləmirəm. Ola bilər, hökumətin hansısa qurumları piar xarakterli münasibətlər səsləndirsinlər, amma onu da gözləmirəm. Belə başa düşülür ki, hökumət son günlər bu tipli informasiyaları rədd edir, sanki özünün müstəqil gündəliyi var və bununla məşğuldur. Bu gündəlik də daxili-milli ritorikaya yüklənib. Azərbaycanın ona da fokuslanacağı daha ağlabatan görünür”.
“Həbslər, təzyiqlər ölkənin Açıq Hökumət Tərəfdaşlığındakı nufuzuna xələl gətirdi”
İnsan hüquqları müdafiəçisi Anar Məmmədli də Açıq Hökumət Tərəfdaşlığının 20 il əvvəl yaranmış qlobal mexanizm olduğunu xatırladaraq əlavə edib ki, qurumun prinsiplərini qəbul edən ölkələr ona üzv olurlar:
“Təbii ki, üzvlük könüllüdür və heç bir ölkənin üzvlük üçün xüsusi öhdəliyi olmur. Ancaq təşkilata üzvlük ölkənin nüfuzuna müsbət mənada təsir edir. O mənada ki, dövlətlər hesabatlı və şəffaf, dünyada yenilənmənin, islahatların tərəfdarı olduqlarını göstərirlər. Bir daha təkrarlayıram, Açıq Hökumət Tərəfdaşlığına qoşulmaq könüllü istəkdir. İndi baxın, dünyada müstəqil ölkələr çoxdur, amma Açıq Hökumət Tərəfdaşlığının 75 üzvü var, Azərbaycanla 76 idi. Təsəvvür edin ki, dünyanın 76 üzvündən birisiniz, nüfuzlu təşkilatındasınız və buna görə böhran anlarında kreditlər almaq çətinlik yaratmır. Təşkilatda təsmilçiliklə bir sıra sahələrdə islahatlar həyata keçirməkdə dəstək alırsınız”.
Amma Anar Məmmədli deyir ki, Azərbaycan hakimiyyəti təşkilata üzv olmaqla imitasiya xəttini tutmuşdu:
“Azərbaycan 2011-ci ildə qoşuldu, 2 il sonra QHT sektoruna təzyiqlər gücləndi, normativ aktlar mürtəce şəkilə salındı, həbslər oldu. Bir tərəfdən Bakı Açıq Hökumət Tərəfdaşlığına qoşulduğunu bəyan etdisə, əməldə təşkilatın prinsiplərinə zidd fəaliyyətlə məşğul oldu. Birincisi, ölkədə ictimai məkan daraldı, vətəndaş cəmiyyəti institutları boğuldu, təqiblər, həbslər Açıq Hökumət Tərəfdaşlığındakı nufuzuna xələl gətirdi. Nəticədə Azərbaycanın üzvlüyü bir neçə dəfə donduruldu. Qubad İbadoğlunun həbsi isə ölkənin təşkilatdan çıxardılması ilə nəticələndi”.
Onun sözlərinə görə, hakimiyyət bir sıra sahələrdə islahatlar aparmaqla yenidən Açıq Hökumət Tərəfdaşlığına qayıda bilər:
“Bunun üçün hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti dəyişməlidir. Məsələ ondadır ki, hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti barışmaz xarakter alıb. Bu, dəyişməlidir. Əgər vətəndaşlarınızın tənqidinə dözümsüzsünüzsə, dövlət qurumları ilə münasibətinin normal qaydaya salınmasına maraqlı deyilsinizsə, əksinə, onları təzyiq altında saxlayırsınızsa, yenidən təşkilata qayıtmaq çətin olacaq. Yəni gerçək addımlar atılmalıdır”.
“Biz çalışmalıyıq ki, beynəlxalq təşkilatlarla əlaqəmiz qırılmasın”
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa “Turan” bildirib ki, Azərbaycanın bu tipli təşkilatlardan uzaqlaşdırılması əslində yaxşı hal deyil:
“Biz çalışmalıyıq ki, beynəlxalq təşkilatlarla əlaqəmiz qırılmasın”.
O hesab edir ki, Azərbaycanın OGP-də iştirakının dayanmasının ölkəyə xüsusi təsiri olmayacaq:
“Çünki biz dövlət olaraq bu cür təzyiqlərlə tez-tez üzləşirik. Amma QHT-lərin olması bizim öz daxili siyasətimiz üçün lazımdır”.
F.Mustafanın sözlərinə görə, bu məsələdə anlayış fərqliliyi var:
“Hələ ki, burada müsbət bir genişlənmə, açılım müşahidə olunmur. Olsa, yaxşı olar. Bütün hallarda bu cür yanaşmalar ciddi müzakirə olunmalıdır. Biz müəyyən etməliyik ki, Avropa məkanından uzaqlaşmaq, yoxsa ora inteqrasiya etmək və orada Azərbaycanla bağlı bütün yanaşmaları dəyişmək istəyirik? İkinci yol daha rasional yoldur”.