Təhvil verilən hərbçilər arasında Kəlbəcərdə təxribat törətməkdə təqsirləndirilən şəxslər də var
Azərbaycan 8 hərbçini Ermənistana təhvil verdiyini deyir.
Erməni hərbçilərin təhvil verilmə prosesi fevralın 7-də həyata keçirilib.
Bu barədə “Azərtac” Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, Ermənistana verilən şəxslərin bir qismi 2021-ci il noyabrın 16-da Kəlbəcər rayonu istiqamətində təxribat törədən hərbi qulluqçulardır.
Komissiya qeyd edib ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülən və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki vətəndaşlar haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı rəsmi Bakıya bildirməlidir.
Eyni zamanda, məlumatda fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüş xatırlanır:
“Azərbaycanın Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb. Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. Həmin məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib”.
Azərbaycan bundan əvvəl dekabrın 19-da 10 erməni əsilli hərbi qulluqçunu Ermənistana təhvil vermişdi. Prosesin Avropa İttifaqının vasitəçiliyi ilə gerçəkləşdiyi qeyd olunurdu.
Dekabrın 29-da isə Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçən şəxs 1971-ci il doğumlu Verdyan Armen Abrikoviç Ermənistana verilib.
Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. 1994-cü ildə tərəflər arasında atəşkəs elan olunub.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb.
Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb