Azalan elm xərcləri, işsiz qalan məzunlar: İlham Əliyev isə elmin inkişaf etdirildiyini deyir

Foto: fizkes\shutterstock

Azərbaycan prezidenti İlham Əliyev yerli mediaya verdiyi müsahibəsində ölkədə elmi inkişafın vacibliyini vurğulayır. Hətta prezidentin fikirlərindən aydın olur ki, post-neft dövründə ölkə iqtisadiyyatını xilas edəcək əsas lokomotiv də məhz təhsilə və elmə edilən yatırımlar olacaq.

“İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik”, – deyə prezident qeyd edib.

İlham Əliyev bildirib ki, son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi yaradılıb: 

“Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq”.

Azərbaycanda elmin inkişafına nə qədər önəm verilir?

Azərbaycan dövlət büdcəsindən elm-tədqiqatlara ayrılan vəsaitlərin həcmi ÜDM-in cəmi 0,1 faizini təşkil edir. Bu göstərici artıq onillərdir ki, dəyişmir və artım müşahidə olunmur. Üstəlik, 2026-cı ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan xərclərin 4,1 faiz və ya 9,7 milyon manat azaldılması nəzərdə tutulub. Bu isə elmə ayrılan vəsaitin ÜDM-dəki payının daha da aşağı düşəcəyi deməkdir.

Halbuki OECD ölkələrində elmi-tədqiqatlara ayrılan vəsaitin həcmi ÜDM-in orta hesabla 2,7 faizini təşkil edir. Hətta inkişaf etmiş ölkələr arasında bu göstərici İsraildə 6 faizə, Cənubi Koreyada isə 5 faizə qədər yüksəlir.

Azərbaycana gəlincə, cari ildə elmin maliyyələşdirilməsi üçün 229,5 milyon manat vəsait proqnozlaşdırılıb. Ayrılan vəsaitin əsas hissəsi – 207,1 milyon manatı fundamental elm xərclərinin payına düşür. Ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlarla bağlı xərclər üçün isə 22,4 milyon manat nəzərdə tutulub.

Beləliklə, 2026-cı ildə elm xərclərinin təxminən 90,2 faizi fundamental elmə, 9,8 faizi isə tətbiqi tədqiqatlara yönəldiləcək. Fundamental elmə ayrılan vəsait artsa da, tətbiqi tədqiqatlara yönəldilən vəsait əhəmiyyətli dərəcədə azaldılıb. Belə ki, 2025-ci ildə bu xərclər müvafiq olaraq 185,7 milyon manat və 53,5 milyon manat təşkil edib.

Azərbaycan innovativ sahələrdə elmi tədqiqatlardan əldə etdiyi gəlirlər isə qonşu Ermənistan və Gürcüstanla müqayisədə geridə qalır. Bunu Dünya Bankının hesabatlarında, həmçinin “The Global Innovation Index”lərində də görmək olur.

Məzunların 41 faizi işsizdir

Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarının maliyyələşdirilməsinə gəlincə, bu müəssisələr əsasən təhsil haqları hesabına ayaq üstə durur. Tədqiqatlardan universitetlərin əldə etdiyi maliyyə vəsaiti isə ümumi gəlirlərində yüksək paya malik deyil. Hətta bir sıra ali təhsil müəssisələrinin xərclərini qarşılamaq üçün dövlət büdcəsindən subsidiyalar ayrılır. Belə ki, 2026-cı ilin dövlət büdcəsində bu istiqamət üzrə 100,1 milyon manat məbləğində subsidiya nəzərdə tutulub. 2025-ci illə müqayisədə sözügedən subsidiyaların həcmi 5,3 faiz və ya 5 milyon manat artıb.

Maliyyə Nazirliyinin təqdim etdiyi “Büdcə bələdçisi”ndə dövlət büdcəsindən asılı olan ali məktəblərin tam siyahısı verilməsə də, iki universitet barədə məlumat yer alır. Onlardan biri 2024-cü ildə əsası qoyulan və ötən ilin sentyabrında fəaliyyətə başlayan “Azərbaycan-Türkiyə Birgə Universiteti”dir. Universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə 6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Burada mühəndislik və tibb ixtisasları üzrə 300 nəfər tələbənin təhsil alması planlaşdırılır. Bu məqsədlə 2024-cü ilin dövlət büdcəsində 10 milyon manat vəsait ayrılıb.

Digər ali təhsil müəssisəsi isə Xankəndi şəhərində fəaliyyət göstərəcək “Qarabağ” Universitetidir. Universitet üçün 39 milyon manat vəsait nəzərdə tutulub. Burada 6 istiqamət və 34 ixtisas üzrə, o cümlədən tibb ixtisası üzrə 100 nəfər olmaqla, 2025/2026-cı tədris ilindən etibarən 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Ali təhsil müəssisələrində dövlət sifarişi yerlərinin maliyyələşdirilməsi üçün isə 616 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 47,8 milyon manat çoxdur. Həmin vəsaitin 412 milyon manatı təhsil xərclərinə, 177 milyon manatı təqaüd xərclərinə, 27 milyon manatı isə təhsil sahəsində digər tədbirlərə yönəldiləcək. Bu istiqamətdə artımın əsas səbəbi dövlət sifarişi ilə təhsil alanların sayının artmasıdır. Belə ki, cari ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayının 5210 nəfər artaraq 150 102 nəfərə, təqaüd alanların sayının isə 7520 nəfər artaraq 121 280 nəfərə çatacağı gözlənilir.

Bundan əlavə, aztəminatlı təbəqənin ali təhsilə əlçatanlığını təmin etmək məqsədilə 2022-ci ildə Tələbə Təhsil Krediti Fondu yaradılıb. Təhsil kreditlərinin genişləndirilməsi üçün bu ilin dövlət büdcəsində Fonda ayrılan vəsait 15 milyon manat təşkil edəcək. Ötən ilin büdcəsində isə tələbə kreditləri üçün 8 milyon manat vəsait nəzərdə tutulmuşdu.

Beləliklə, əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alınmaqla, Təhsil Tələbə Kredit Fondunun ümumi büdcəsinin 141 milyon manata çatacağı gözlənilir.

Fondun məlumatlarından aydın olur ki, indiyədək 68,8 min bakalavr və magistr bu kreditlərdən faydalana bilib. Fondun açıqladığı son hesabatda göstərilir ki, 2022–2025-ci illər (2025-ci ilin ilk 4 ayı daxil olmaqla) ərzində 54,4 min bakalavr və magistr üçün 53,3 milyon manat məbləğində kredit ayrılıb. Həmin dövrdə verilən kreditlərin cəmi 2,6 milyon manatının geri ödənişi həyata keçirilib.

Fond tərəfindən tələbə kreditləri sosial və standart olmaqla iki paket üzrə təqdim olunur. Sosial tələbə təhsil krediti illik 2 faizlə, standart kredit isə illik 6 faizlə verilir. Kreditlərin geri qaytarılması üçün təhsil müddəti başa çatdıqdan sonra tələbəyə 2 il güzəşt müddəti tanınır. Bundan sonra kredit 10 il ərzində geri qaytarıla bilər.

2022-ci ildən etibarən tələbə təhsil kreditlərindən faydalanan tələbələrdən 6519 nəfəri artıq məzun olub. Fondun məlumatına görə, məzun olmuş və geri ödəmə dövrü başlamış tələbələrin 59 faizi (3849 nəfər) iş tapa bilib. Kreditdən faydalanan məzunların 41 faizi (2670 nəfər) isə hazırda işsizdir. Bu göstərici Azərbaycanda gənclərin ali təhsil müəssisələrini bitirdikdən sonra rəsmi iş tapmaqda ciddi çətinliklərlə üzləşdiyini göstərir.  

Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” ndə də göstərilir ki, bakalavr dərəcəsini bitirənlərin təxminən 62–63 faizi iki il ərzində əmək bazarına daxil olur və işə başlayır. Halbuki, OECD ölkələrində ali məktəbi bitirən məzunların orta hesabla 86–87 faizi 1-3 il ərzində iş tapa bilir. Almaniya və Hollandiya kimi ölkələrdə isə bu göstərici 90 faizə çatır. Bu ölkələrdə iş tapa bilməyənlərin böyük əksəriyyəti, adətən, təhsillərini növbəti pillədə davam etdirmələri ilə izah olunur.

Ana səhifəİqtisadiyyatAzalan elm xərcləri, işsiz qalan məzunlar: İlham Əliyev isə elmin inkişaf etdirildiyini deyir