AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları dayandırır

Foto: AZAL

Bundan əvvəl Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samaraya da uçuşların dayandırılması ilə bağlı qərar verilmişdi

Azərbaycan Hava Yollarının yaydığı məlumatda bildirilir ki, dekabrın 28-dən Saratov, Nijni Novqoroq və Vladiqafqaza aviareyslər dayanacaq

Bu qərar aviaşirkətin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib.

Bununla da dekabrın 28-dən Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod və Vladiqafqaza uçuşlar dayandırılacaq.

AZAL-ın Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

“Euronews” və “Reuters” Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verir ki, qəzaya Rusiya raketi səbəb olub.

Nəşrlər yazırlar ki, raket Qroznı üzərində “dron hava fəaliyyəti” zamanı Bakıdan Qroznıya uçan təyyarəyə atılıb. Raket təyyarənin yaxınlığında partlayaraq onu zədələyib.

“Euronews”un mənbələrinin məlumatına görə, zədələnmiş təyyarənin ekipajı təcili eniş tələb edib, lakin Rusiyanın heç bir hava limanında enişinə icazə verilməyib, bundan sonra onlara Xəzər dənizi üzərindən Aktau istiqamətində uçmaq əmri verilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Bakının “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasına görə Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatlarından xəbərdardır, lakin hadisənin səbəbləri araşdırılana qədər qiymətləndirmək hüququ yoxdur.

Ana səhifəSiyasətAZAL Rusiyanın daha 3 şəhərinə uçuşları dayandırır