İlqar İsmayılov: “Bu məhkəmənin nəticəsindən asılı olmayaraq, əlimdən zorla alınmış haqqım bərpa edilənə qədər mübarizəmi davam etdirəcəm”
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılova hökm oxunub. O, 6 il azadlıqdan məhrum edilib.
Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, İlqar İsmayılov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirli bilinib. İttihama əsasən, iş adamı 2013-2016-cı illərdə “İdeal”ın kassasından şirkətin digər həmtəsisçisi – AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevanın xəbəri olmadan 680 min manat vəsait götürərək, şəxsi ehtiyaclarına xərcləyib. İddiaya görə, bunun 280 min manatına özünə mənzil alıb.
İlqar İsmayılov özünü təqsirli bilmir, ittihamda yazılanların əsassız, uydurma olduğunu, Nərimanov rayonundakı mənzilin isə ümumiyyətlə, 280 min manata alınmadığını deyir.
İş adamının sözlərinə görə, o, AZAL prezidenti Cahangir Əsgərovun sifarişiylə cəzalandırılıb.
İlqar İsmayılov “İdeal Company”ni 1999-cu ildə təkbaşına yaradıb. 2011-ci ildə şirkətin 50 faizini AZAL prezidentinin xanımına satıb. İş adamının sözlərinə görə, həmtəsisçi olandan sonra Zərifə Həmzəyeva qalan payı da ələ keçirmək istəyib. O isə payını verməkdən imtina etdiyinə görə 2016-cı ildə barəsində saxta ittihamla cinayət işi başlanıb, həbs edilib. Şirkətdəki olan payını verəndən sonra öncə ev dustaqlığına buraxılıb, daha sonra – 2017-ci ilin yanvarında isə həmin cinayət işinə xitam verilib.
İlqar İsmayılov son sözündə bildirib ki, həmin cinayət işinin də mahiyyəti, maddələr, rəy verən audit şirkəti eyni idi. İş adamı xatırladıb ki, o zaman xitam qərarına indiki Baş prokuror Kamran Əliyev imza atmışdı. Həmin vaxt o, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri idi.
İlqar İsmayılov vurğulayıb ki, Cahangir Əsgərov və xanımının əmlakını zorla əlindən alması barədə şikayətlərinə görə onu cəzalandırmaq, fəaliyyətinin qarşısını almaq üçün barəsində yenidən cinayət işi başlandı:
“Bu uydurma ittiham əslində, mənim hüquqi müstəvidə başladığım mübarizəyə qarşı yönəlmiş maneədir. Bu məhkəmənin nəticəsindən asılı olmayaraq, əlimdən zorla alınmış haqqım bərpa edilənə qədər mübarizəmi davam etdirəcəm”.
İstintaq dövründə İlqar İsmayılovun Nərimanov rayonunda yerləşən mənzilinin üzərinə də həbs qoyulmuş, prokuror çıxışında həmin mənzilin müsadirə olunmasını istəmişdi. Lakin məhkəmə hökmündə mənzilin üzərindən həbsin götürülməsinə qərar verilib.
İlqar İsmayılovun vəkilləri hökmdən apelyasiya şikayəti verəcək. Müdafiəçilər Meydan TV-yə bildirib ki, hökmü qanunsuz və əsassız hesab edirlər. Onların sözlərinə görə, aylarla davam edən məhkəmə prosesi İlqar İsmayılovun təqsirsizliyini ortaya qoydu.
İş adamı İlqar İsmayılov 2021-ci ilin aprelindən həbsdədir. İş adamı bildirib ki, birinci dəfə həbsdən buraxılandan sonra 3 il dözüb. Amma sonradan hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.