AZAL-ın daha bir təyyarəsi Rusiya səmasında təhlükə ilə üzləşib

Foto: AZAL

“Embraer” Həştərxan üzərində PUA hücumları səbəbindən uçuş pozuntuları ilə qarşılaşıb

Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190/195” təyyarəsi Bakı-Kazan marşrutu üzrə uçuş zamanı Həştərxan üzərində radio maneələr və GPS pozuntuları ilə üzləşib. 

Hadisə yanvarın 1-də baş verib. 

Bu barədə “Turan” aviasiyadakı mənbəyə istinadən məlumat yayıb. 

Bildirilir ki, təyyarənin aviyonikası yalnız Həştərxan hava məkanını tərk etdikdən sonra normal fəaliyyətini bərpa edib.

Məlumata görə, bu pozuntu Ukrayna pilotsuz uçuş aparatlarının Həştərxana hücumları ilə üst-üstə düşüb ki, bu da bölgənin hava hücumundan müdafiə sistemlərini işə salıb. Lakin hakimiyyət orqanları, adətən, hava təhlükələrinin artdığı hallarda tətbiq edilən fövqəladə protokol olan “Əhatə əməliyyatı”nı aktivləşdirməyiblər.

AZAL Bakı-Kazan reyslərini bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçirir. 

Dekabrın 25-də “Embraer 190” təyyarəsinin qəzaya uğrayandan sonra Azərbaycanla Rusiya arasında bir sıra uçuşlar ləğv edilib. Amma Kazan azsaylı uçuş istiqamətlərindən biri kimi hələ də qalır. 

Meydan TV AZAL-dan məsələyə münasibət öyrənməyə çalışsa da, qurum hər hansı bir açıqlama verməyib. 

Uçuşlar niyə ləğv olunub? 

2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında, təyinat nöqtəsinə yaxın ərazidə Rusiyanın hava hücumundan müdafiə sistemlərindən zərər görərək qəzaya uğrayıb.

Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i, o cümlədən 16 Rusiya vətəndaşından 7-si həyatını itirib.

Bu qəzadan sonra Azərbaycan Ufa, Samara, Nijni Novqorod, Mineralnıe Vody, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları dayandırıb. 

Kazan dayandırılmış istiqamətlər arasında olmasa da, bu şəhərə planlaşdırılan 28 dekabr reysi də ləğv edilib.

Uçuş məhdudiyyətləri ilə bağlı qərar Azərbaycan Mülki Aviasiya Dövlət Agentliyi ilə birgə qəbul edilib və Aktau qəzasının ilkin araşdırma nəticələrinə əsaslanıb. 

Hava yolları davam edən pilotsuz uçuş aparatlarının aktivliyi və bölgədəki qeyri-sabitliklə əlaqəli “potensial riskləri” səbəb kimi göstərib.

AZAL bildirib ki, təsirlənmiş şəhərlərə uçuşlar “Embraer 190” qəzasının araşdırılması başa çatana qədər dayandırılacaq. 

Hava yollarının rəsmi “Telegram” kanalı sərnişin təhlükəsizliyinin şirkətin ən yüksək prioriteti olduğunu vurğulayıb.

Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Azərbaycan təyyarəsinin vurulması ilə bağlı vəziyyəti təhlil edən ekspertlər isə Rusiya-Ukrayna müharibəsi  şəraitində bütün uçuşların dayandırılmasını tövsiyə ediblər.

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib

O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.

Ana səhifəXəbərlərAZAL-ın daha bir təyyarəsi Rusiya səmasında təhlükə ilə üzləşib