AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabat yanvarın sonunadək açıqlanacaq

Foto: Reuters

Qazaxıstan Nəqliyyat Nazirliyindən bildiriblər ki, yekun nəticələrin 2025-ci ilin sonuna hazırlanması planlaşdırılır

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatının yanvarın sonunadək açıqlanacağı bildirilir.

Bu barədə məlumat verən Qazaxıstan Nəqliyyat Nazirliyindən onu da qeyd ediblər ki, yekun nəticələrin 2025-ci ilin sonuna qədər hazırlanması planlaşdırılır.

“Qəza ilə bağlı araşdırma beynəlxalq ekspertlərin iştirakı ilə davam edir. Qazaxıstan Respublikası qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı Əlavəsinə uyğun olaraq ilkin hesabat hadisənin baş verdiyi tarixdən 30 gün sonra dərc olunacaq. Komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır”, – məlumatda deyilir.

Nazirlik əlavə edib ki, istintaqın maksimum müddəti 36 ay (üç il) ola bilər. Bununla belə, ekspertlər hesab edir ki, təhqiqat qəzanın səbəblərini 12 ay ərzində, yəni 2025-ci ilin sonuna kimi müəyyən edəcək.

Qazaxıstan mediası bir gün əvvəl yazmışdı ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” təyyarəsinin “qara qutularından” məlumatların şifrəsini açmağa başlayıb. Araşdırmaya Qazaxıstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislər qoşulub.

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Ana səhifəSiyasətAZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabat yanvarın sonunadək açıqlanacaq