“Azad Avropa/Azadlıq Radio”larına aprel ayı üçün nəzərdə tutulan vəsait veriləcək

Mənbə: Reuters

Bu barədə məhkəmə qərar verib

Aprelin 29-da  Federal məhkəmə ABŞ Qlobal Media Agentliyinin (USAGM) aprel ayı üçün nəzərdə tutulan vəsaitinin “Azad Avropa/Azadlıq Radio”larına verməsi haqda qərar çıxarıb. Söhbət Konqresin radioya ayırdığı vəsaitdən gedir.

“Məhkəmə Konqresin “Azadlıq” radiosu üçün nəzərdə tutduğu illik vəsaitdən bir aylığının ayrılmasını USAGM üzərinə qoydu. Bu o deməkdir ki, jurnalistlərimiz işlərini davam etdirə, diktatorlar və despotlardan hesabatlılıq tələb edə bilərlər”, – radionun prezidenti Stiven Kapus deyib.

ABŞ Prezidenti Donald Tramp 2025-ci il martın 14-də yeddi federal agentlik, o cümlədən “Azadlıq” radiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də böyük ixtisarlarla bağlı fərman imzalayıb.

Fərmanın dərcindən bir neçə saat sonra USAGM-in adından göndərilmiş məktubda Konqresin “Azadlıq” radiosuna ayırdığı qrantın kəsildiyi bildirilib.

USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu informasiya 361 milyon izləyiciyə ötürülür.

2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə tutulub.

“Azadlıq” radiosu üçün bu il 153 milyon dollara yaxın büdcə istənilib.

Ardlnca, martın 18-də “Azad Avropa/Azadlıq Radiolar”ı (RFE/RL) ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verdiyini açıqlayıb.

Martın 25-də ABŞ Kolumbiya Dairə Məhkəməsi RFERL-in USAGM-ə qarşı müvəqqəti qadağa əmri (TRO) haqda vəsatətini təmin edib və radionun bağlanması prosesini dayandırıb.

USAGM-ə “Azadlıq” radiosu, “Amerikanın Səsi”, “Azad Asiya” radiosu, “Kuba Yayımı Ofisi” (Radio Marti), Yaxın Şərq Yayım Şəbəkələri (MBN) və Açıq Texnologiya Fondu (OTF) daxildir.

“Azadlıq” radiosu 23 ölkədə, 27 dildə yayımlanır.

Ana səhifəDünya“Azad Avropa/Azadlıq Radio”larına aprel ayı üçün nəzərdə tutulan vəsait veriləcək