“Azərkosmos”un gəlirləri iki dəfədən çox azalıb

Foto: Triff\shutterstock

Ötən il Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) son illərin ən aşağı ixrac gəlirinə sahib olub. 2025-ci ildə “Azərkosmos” dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib. Bu, 2024-cü ilin ixrac gəlirləri ilə müqayisədə 2,2 faiz azalma deməkdir.

Agentlik ixracdan əldə etdiyi gəlirlərin ən yüksək həddini 2021-ci ildə yaşayıb. Həmin il qurumun xarici şirkətlərə xidmətdən qazancı 45,3 milyon dollar təşkil edib. Lakin 2022-ci ildə gəlirlər birdən-birə 1,7 dəfə azalaraq 26,6 milyon dollara düşdü. Agentliyin 2025-ci il üçün qeydə alınan 18,1 milyon dollarlıq ixrac gəliri isə, hətta 2017-ci il səviyyəsindən də aşağı olduğunu göstərir.

Ümumiyyətlə, 2019- 2021-ci illərdə 43-45 milyon dollar civarında olan ixrac gəlirlərinin sonrakı illərdə kəskin şəkildə aşağı düşmə trendini görürük. Agentliyin 5 il ərzində ixrac gəlirləri təqribən 2,5 dəfə azalıb.

İxracdan əldə olunan vəsaitlərin azalması Agentliyin ümumi gəlirlərinə də təsir göstərib. İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac” jurnalının məlumatına əsasən, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 66 faizini təşkil edib. Hələ ki, agentlik illik gəlirlərini açıqlamayıb. Lakin Mərkəzin təqdim etdiyi rəqəmlər əsasında təxmini hesablama apardıqda qurumun ümumi gəlirlərinin 47 milyon manat civarında olduğunu deyə bilərik. Müqayisə üçün bildirək ki, 2024-cü ildə “Azərkosmos”un xarici ölkələrə xidmət satışından əldə etdiyi gəlir 47,4 milyon manat, 2023-cü ildə isə 48 milyon manat olub.

Ümumiyyətlə, “Azərkosmos”un gəlirlərinin böyük hissəsi xidmət ixracından formalaşıb. Hətta bəzi illərdə bu payın 80-90 faizə qədər çatdığını müşahidə etmək olur. Qurumun maliyyə nəticələrinə əsasən, 2022-ci ilə qədər məhz ixrac gəlirləri hesabına qurum mənfəətlə başa vurub. Lakin 2024-cü ilin maliyyə hesabatına görə, xidmət xərcləri gəlirlərdən daha yüksək olub. Ekspertlər bildirirlər ki, peyklərin buraxılışı, idarə edilməsi və saxlanması xərcləri milyonlarla dollar səviyyəsindədir. Eyni zamanda peyklər köhnəlir və müştərini saxlamaq üçün daim yeni peyklər göndərilməlidir ki, bu da əlavə xərclər yaradır.

Nəticədə, milyonlarla dollar investisiya qoyulan sahənin ixrac gəlirlərinin 18 milyon dollar səviyyəsinə düşməsi, onun özünü maliyyələşdirmə qabiliyyətində problemlər yaradıb. Bir vaxtlar “Azərkosmos” rəsmiləri peykin bütün istismar müddətində 500–600 milyon dollar gəlir gətirəcəyini açıqlasalar da, zamanla xərclərin bu proqnozları üstələdiyi müşahidə olunub.

Ekspertlərin fikrincə, qlobal peyk xidmətləri bazarında rəqabətin artması, “Starlink” kimi aşağı orbitli peyklərin bazarı ələ keçirməsi, “Azerspace” peyklərinin texniki köhnəlməsi və xidmətin davamlılığının təmin olunması xərclərinin artması Kosmik Agentliyinin gəlirlərinə mənfi təsir göstərib. Bu baxımdan xidmət alan ölkələrin sayında da azalma müşahidə edilir. Belə ki, 2024-cü ildə Agentlikdən xidmət alan ölkələrin sayı 50 idisə, 2025-ci ildə 43-ə qədər düşüb. Daxili bazardakı tələbat isə agentliyin xərclərini qarşılamaq imkanında deyil.

Ekspertlər bildirirlər ki, bir vaxtlar “kosmik ambisiya” kimi təqdim olunan layihə getdikcə dövlət büdcəsi üçün yükə çevrilib. Maliyyə hesabatlarından görünür ki, xarici borcların faiz ödənişlərini azaltmaq məqsədilə agentliyin borcları daxili maliyyə təşkilatlarına köçürülüb. Yəni yerli maliyyə qurumları agentliyin xarici kreditlərini ödəyib və qurum hazırda daxili maliyyə təşkilatlarına borcludur.

Xatırladaq ki, 2025-ci ildə “Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşlikdə yer alan ölkələr 4,6 milyon dollar ilə Birləşmiş Krallıq, 3,5 milyon dollar ilə Lüksemburq, 1,3 milyon dollar ilə İsveç, 861 min dollar ilə Türkiyə, 823,9 min dollar ilə Nigeriya olub.

Ana səhifəXəbərlər“Azərkosmos”un gəlirləri iki dəfədən çox azalıb