Azərbaycanlı gey cütlükdən biri ABŞ-də həbsdə saxlanılır

Foto: advocate

ABŞ-da yaşayan azərbaycanlı evli gey cütlük bildirir ki, Donald Tramp administrasiyası onlardan birini Corciya ştatındakı immiqrasiya saxlanma mərkəzində həbsdə saxlayır, halbuki hər iki şəxs ölkəni dərhal tərk etməyə razıdır.

The Advocate nəşrinə danışan 30 yaşlı Samir Qədirov deyir ki, o və həyat yoldaşı artıq Azərbaycana qayıtmaq qərarına gəliblər. Lakin 40 yaşlı Tural Atakişiyev yanvarın 14-dən bəri Corciya ştatındakı “Stewart Detention Center”də saxlanılır.

Qədirov bildirir ki, onlar hakim qərarını gözləyirlər ki, Atakişiyev könüllü şəkildə ölkəni tərk edə bilsin.

“Turalın Azərbaycana könüllü qayıdışı ilə bağlı hakim qərarını gözləyirik. Hətta könüllü çıxış prosesi belə çox uzundur”,– deyə o qeyd edib.

Həbs şəraiti fiziki və psixoloji sağlamlığa təsir edir

Qədirov həyat yoldaşının artıq bir aydan çoxdur saxlanıldığını və şəraitin onun fiziki və psixoloji sağlamlığına ciddi təsir etdiyini deyir:

“25 funt (≈11 kq) arıqlayıb. Orada yemək yeyə bilmir. Psixoloji vəziyyəti yaxşı deyil, çox çətinlik çəkir”.

“Ərim içəridədir, mən çöldə. Amma eyni hissləri, eyni gərginliyi yaşayıram”, – deyə o, əlavə edir.

Atakişiyev cütlüyün yaşadığı Şimali Karolina ştatında immiqrasiya qeydiyyatı zamanı saxlanılıb və daha sonra ölkənin ən böyük immiqrasiya həbs mərkəzlərindən birinə köçürülüb.

Cütlük ötən ilin noyabrında Şarlott şəhərində evlənib. Onlar qarşılarında iki seçim olduğunu bildirir: aylarla məhkəmə prosesini gözləmək və Turalın həbsdə qalmasına razı olmaq, ya da evliliklərinin tanınmadığı və LGBTQ+ icmasının ayrı-seçkilik və polis təzyiqi ilə üzləşdiyi Azərbaycana qayıtmaq.

Qədirov deyir ki, həyat yoldaşının sağlamlığı ABŞ-də qalmaqdan üstün olub:

“Onun psixi sağlamlığı mənim üçün çox vacibdir. Beş-altı ay içəridə qalmağını istəmirik. Ona görə də bu həbs müddətini mümkün qədər qısaltmağa çalışırıq.”

Cütlük hazırda hakim qərarını və ICE-in (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) Atakişiyevin könüllü çıxışını təşkil etməsini gözləyir.

Ana səhifəSosialAzərbaycanlı gey cütlükdən biri ABŞ-də həbsdə saxlanılır