“Rusiyanın gecikmiş reaksiyası gözlənilən effekti verməyəcək”, – analitik Rizvan Hüseynov hesab edir
AZAL şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra Rusiya Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır, analitiklər belə hesab edir. Onların fikrincə, Heydər Əliyevin abidəsinin ucaldılması qərarını və Valentina Matviyenkonun Bakıya səfərini Rusiyanın münasibətləri yaxşılaşdırmaq istəyi kimi qiymətləndirmək olar.
Fevralın 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov təyyarədə sağ qalan stüardlar Zülfüqar Əsədov və Aydan Rəhimliyə “Çeçenistan Respublikasına xidmətlərinə görə” mükafatını təqdim etmək qərarını verib. Kadırov həm də bildirib ki, Qroznıda aviaqəza qurbanlarının xatirəsinə lövhə qoyulacaq.
Martın 4-də isə məlum olub ki, “Alfa Sığorta” şirkəti Bakı-Qroznı təyyarəsinin sərnişinlərinə dəyən zərərə görə hər nəfərə 2 milyon rubl (təqribən 38 min manat) ödəyib.
2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer-190” təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub, yalnız 29 nəfər sağ qalıb.
Rusiya-Azərbaycan Ekspertlər Şurasının üzvü Rafiq İsmayılov “Kommersant” nəşrinə bildirib ki, Azərbaycan hələ də AZAL-ın qəzası ilə bağlı araşdırmanın rəsmi nəticələrini gözləyir, lakin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir:
“Bakıda, görünür, qərara gəliblər ki, Rusiya-Azərbaycan əməkdaşlığı iki ölkə arasındakı qarşılıqlı inama ciddi zərbə vuran bu qeyri-müəyyən faciəli vəziyyətin əsiri olaraq qala bilməz. Yüksək vəzifəli şəxslərdən başlayaraq müxtəlif səviyyələrdə təmasların bərpası, etimadın bərpası prosesi iki ölkə arasında qarşılıqlı əlaqələrin əvvəlki kursuna qaytarılması məqsədini daşıyır”.
İsmayılov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya səfərini belə şərh edib.
Martın 18-də Bakıya baş tutan rəsmi səfəri zamanı Valentina Matviyenko Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığını çatdıraraq, bu məsələnin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirib.
Azərbaycan Prezidentinin rəsmi saytında, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında parlamentlərarası təmasların davam etdirilməsinə dair fikir mübadiləsi aparıldığı bildirilir.
Cənubi Qafqaz dövlətlərinin xarici və daxili siyasəti üzrə ekspert, tarix elmləri doktoru Niyazi Niyazov hesab edir ki, Valentina Matviyenkonun Bakıya səfəri ölkələr arasında münasibətləri normallaşdırmaq məqsədi daşıyır:
“Bakıda “Rus evi”, fikrimcə, təyyarə qəzasına görə deyil, bir neçə başqa səbəbə görə, o cümlədən, Rusiyada “Ümumrusiya Azərbaycan Konqresi”nin bağlanmasına cavab olaraq bağlandı. Beləliklə, Bakı sanki Moskvaya işarə edir ki, o, qarşılıqlı faydalı münasibətlər qurmağa hazırdır“.
Bakıda “Rus evi”nin yerləşdiyi binanın fasadından rus dilində olan yazı lövhəsi çıxarılıb. Təşkilat Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi əsasında fəaliyyətini dayandırıb.
Niyazov deyir ki, Rusiya Federasiya Şurasının sədrinin Bakıya səfərindən əlavə, münasibətlərin yaxşılaşdırılması üçün başqa tədbirlər də görülür:
“Moskvada Heydər Əliyevin abidəsinin ucaldılması ilə bağlı qərar qəbul edilib, Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ilə bağlı danışıqlara başlanılıb. Beləliklə, Moskva ilə Bakı arasında Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sonra yaranan neqativliyin tədricən, mərhələ-mərhələ yumşaldıldığı göz qabağındadır”.
Analitik Rizvan Hüseynov Rusiya-Azərbaycan münasibətlərinin əvvəlki səviyyəsinə qayıda biləcəyinə şübhə ilə yanaşır.
“Rusiya tərəfi müəyyən gecikmiş reveranslar etsə belə, bu, çətin ki, ona qarşı Azərbaycan daxilində siyasi səviyyədə formalaşmış münasibəti dəyişsin. Bir halda ki, Azərbaycan vurulan Rusiya hərbi vertolyota, Qarabağda həlak olan sülhməramlıların komandir müavini və bir qrup zabitə görə məsuliyyəti boynuna alıb, üzr istəyib, təzminat ödəyib. Bu, bir sərnişin təyyarəsi idi və təbii ki, Azərbaycan Rusiya tərəfinin günahını boynuna alacağını və günahkarları cəzalandıracağını ikiqat gözləyirdi. Güman edirəm ki, Rusiyanın gecikmiş reaksiyası gözlənilən effekti verməyəcək”, – deyə o, “Adi səhər” YouTube kanalında bildirir.
Eyni zamanda, Hüseynov Rusiya-Azərbaycan münasibətlərinin spesifikliyini vurğulayır:
“Onlar postsovet məkanının digər ölkələri, hətta daha geniş götürsək, keçmiş Varşava Müqaviləsi ölkələri ilə mövcud olan əlaqələrdən əhəmiyyətli dərəcədə fərqlənir və münasibətlərin spesifikliyi ondadır ki, Rusiya üçün Cənubi Qafqazda Azərbaycandan başqa az-çox stabil, hazırda müəyyən iqtisadi, tranzit və maddi-texniki maraqlarını təmin edə biləcək başqa tərəfdaş yoxdur”.
Analitikin fikrincə, təyyarə qəzasından sonra Azərbaycan hakimiyyətinin Rusiyaya inam səviyyəsi xeyli azalıb.
AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsi 2024-cü il dekabrın 25-də qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarə iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb.
Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşı), onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi ilkin araşdırma hesabatına görə, AZAL təyyarəsi yerə çırpılmadan öncə “xarici obyektlər” tərəfindən zədələnib, bunun nəticəsində hidravlik maye və ya təzyiq itkisi baş verib. Hesabatda, Qazaxıstan tərəfinin Embraer gövdəsində aşkar etdiyi yad cisimləri müəyyənləşdirdiyinə dair heç bir nəticənin olmadığı qeyd olunub.
Araşdırmalar davam edir. Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev daha əvvəl bildirmişdi ki, AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına dair yekun araşdırma hesabatı 2025-ci ilin dekabr ayında dərc oluna bilər.