Azərbaycanın vətəndaş cəmiyyəti üzvləri Avropa Parlamentinə təcili çağırış edib

İlham Əliyev və siyasi məhbuslar. Kollaj: AbzasMedia

Xaricdə yaşayan Azərbaycanın vətəndaş cəmiyyəti üzvləri Avropa Parlamentinin Prezidenti Roberta Metsola müraciət ediblər. Müraciət müəllifləri Azərbaycanda insan haqlarının pozulmasına diqqət çəkiblər. 

Məktubda bildirilib ki, Azərbaycanda medianı, siyasi müxalifəti, vətəndaş cəmiyyətini aradan qaldırmağa yönəlmiş bir sistem qurulub. Hazırda ölkədə 400-dən çox siyasi məhbus var. Bu Azərbaycanın Avropa Şurasına daxil olandan indiyədək ən yüksək rəqəmdir. Jurnalistlərə, aktivistlərə və müxalifətlərə qarşı vergi ittihamları irəli sürülüb. Hazırda 30-dan çox jurnalist həbsdədir. Meydan TV, Toplum TV, AbzasMedia, Kanal 13 kimi müstəqil mediaların ölkədə fəaliyyətinə məhdudiyyətlər qoyulub. Turan İnformasiya Agentliyi və BBC Azərbaycan ofisi zorla bağlanıb və Bloomberg-in akkreditasiyası ləğv edilib. Əsas müxalifət partiyası hesab olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli həbs olunub. Bundan başqa bir sıra siyasi fəallar, dini inanclı şəxslər, hüquq müdafiəçiləri həbsdədir.

“Bundan başqa 2025-ci ilin aprel səfəri zamanı Ali Nümayəndə Kaja Kallas Azərbaycanla Avropanın enerji əməkdaşlığını yüksək qiymətləndirdi, lakin insan hüquqları məsələlərini açıq şəkildə gündəmə gətirmədi. Bu susqunluq ölkədə belə qəbul edilib ki, repressiyaların daha da sərtləşdirilməsi hər hansı nəticə yaratmayacaq.

Bu isə Aİ-nin Belarus və Gürcüstandakı proseslərə verdiyi sərt və prinsipial reaksiyalarla tam ziddiyyət təşkil edir”, – müraciətdə belə deyilir. 

Çağırışda parlamentin 2024-cü ilin oktyabr və dekabr aylarında qəbul etdiyi qətnamələr alqışlanır və həmin sənədlərdə insan hüquqları pozuntularında məsuliyyət daşıyan yüksək vəzifəli Azərbaycan rəsmilərinə qarşı hədəfli sanksiyalar tələb olunur.

“Lakin bu tövsiyələr Avropa Komissiyası və Aİ Xarici Fəaliyyət Xidməti tərəfindən icra olunmayıb və nəticədə Azərbaycan vətəndaş cəmiyyəti tamamilə təcrid və müdafiəsiz vəziyyətdə qalıb. Bu səbəbdən biz Avropa Parlamentindən xahiş edirik ki, Azərbaycanla Aİ münasibətləri üçün insan hüquqları meyarlarına əsaslanan aydın yol xəritəsi qəbul etsin, yeni tərəfdaşlıq sazişi üzrə irəliləyişi siyasi məhbusların azadlığı, QHT və media qanunlarında islahatlar və beynəlxalq qurumlarla əməkdaşlıq şərtlərinə bağlasın” –  deyə məktubda yazılıb.

Vətəndaş cəmiyyəti üzvləri deyir ki, bu, təcili məsələdir, çünki Azərbaycanda artıq müstəqil vətəndaş cəmiyyəti və media demək olar ki, mövcud deyil, sürgündəki fəalların durumları ağırlaşıb və ABŞ-dən dəstək dayanıb. Belə bir şəraitdə Aİ yeganə təsir imkanına malik aktordur. 

“Avropa Parlamentinin prinsipial mövqeyi regiona və Azərbaycan hakimiyyətinə mühüm mesaj verəcək: Aİ üçün insan hüquqları və hüququn aliliyi danışıqsız dəyərdir”.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, ölkədə 392 siyasi məhbus var.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə həbs olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər.

Ana səhifəSiyasətAzərbaycanın vətəndaş cəmiyyəti üzvləri Avropa Parlamentinə təcili çağırış edib