Los-Ancelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 10-a çatıb
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, buna baxmayaraq Los Ancelesdəki Baş Konsulluq Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir.
“Evakuasiyaya baxmayaraq distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”.
Amerikanın ikinci böyük şəhəri Los-Ancelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 10-a çatıb.
Bu barədə “CNN” əyalətin tibbi ekspertiza ofisinə istinadən xəbər verir.
Bir gün əvvəl beş nəfərin öldüyü bildirilmişdi.
Son məlumatlara görə, Los-Anceles əyalətində yanğınlar 10 minə yaxın binanı məhv edib. Təkcə Hollivud məşhurlarının çoxunun yaşadığı “Pacific Palisades” səmtində 5316 bina məhv olub.
Los-Anceles Yanğınsöndürmə İdarəsi bildirib ki, hazırda rayonda hələ də 5 yanğın davam edir.
Los-Anceles polisi həmçinin “Woodland Hills” bölgəsində yanğın törətməkdə şübhəli bilinən bir şəxsi həbs etdiklərini açıqlayıb. O, nəzarətə götürülüb, təfərrüatlar yoxdur.
Əyalət polisi Robert Lunanın dediyinə görə, 500-dən çox zabit sakinləri evakuasiya etmək, nəqliyyata nəzarət və talançılığı dayandırmaq üçün çalışır.
Luna bildirib ki, zərər çəkmiş ərazilərdə axşam saat 6-dan səhər saat 6-ya qədər komendant saatı tətbiq olunacaq.
Los-Ancelesdə yanğınlar yanvarın 7-dən başlayıb. Təxliyə zonasında təxminən 150 min insan var. Güclü külək və quru hava yanğınlarla mübarizəni çətinləşdirir.