Azərbaycanın bir hərbçisi həlak olub, digəri yaralanıb

Əsgər ölümü – Foto: ChatGpt

Xocalı rayonunun Daşkənd kəndi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus xidməti avtomobilin aşması nəticəsində bir hərbçi həlak olub, digəri yaralanıb.

Məlumata görə, hadisə martın 2-də gündüz saatlarında baş verib. 27 yaşlı MAXE Cavid Hidayət oğlu Əhmədovun idarə etdiyi xidməti avtomobil aşıb. Qəza zamanı sərnişin, gizir 30 yaşlı Vüsal Ədalət oğlu Quluzadə həlak olub.

Yaralı sürücü müxtəlif bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Təcili tibbi yardımın məlumatına görə, ona kəllədaxili travma, döş qəfəsinin əzilməsi, körpücük və qamış (tibia) sümüklərinin sınığı, başın tüklü hissəsində açıq yara diaqnozu qoyulub. Daha sonra o, ixtisaslı tibbi yardım üçün digər müəssisəyə təxliyə olunub.


Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Həlak olan Vüsal Quluzadə martın 3-də Tərtərin Təzəkənd kəndində dəfn edilib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesabatına görə, 2025-ci ildə Azərbaycanda ən azı 42 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.

Ana səhifəSosialAzərbaycanın bir hərbçisi həlak olub, digəri yaralanıb