Azərbaycanın 2025-ci ili: diplomatiya, təhlükəsizlik və insan haqları…

2025-ci il bahalaşma qərarları ilə başladı. Yanvarın 2-də Tarif Şurası bayram ovqatından hələ ayılmamış əhalinin gündəlik xərclərinə birbaşa təsir edən bir neçə istiqamətdə qiymət dəyişikliklərini açıqladı. Təbii qaz, elektrik enerjisi, istilik xidməti, su və kanalizasiya şəbəkələrinə qoşulma, eləcə də dərman vasitələri üzrə yeni tariflər qüvvəyə mindi.

Təbii qaz üzrə artımlar pilləli sistemlə aparıldı. İllik istehlakı 1200 kubmetrədək olan əhali üçün 1 kubmetr qazın qiyməti 12 qəpikdən 12,5 qəpiyə qaldırıldı. 1200–2500 kubmetr arası istehlak üçün tarif 22 qəpik, 2500 kubmetrdən çox olan hissə üçün isə 30 qəpik müəyyən edildi. Tarif Şurası açıqladı ki, əhalinin 48 faizi ən aşağı pillə üzrə ödəniş edir.

Elektrik enerjisində də oxşar mexanizm tətbiq olundu. Aylıq 200 kVt/saatadək istehlak üçün tarif 8,4 qəpik, 200–300 kVt/saat üçün 10 qəpik, 300 kVt/saatdan yuxarı istehlak üçün isə 15 qəpik oldu.

Eyni qərar paketində su və kanalizasiya sistemlərinə qoşulma üçün ilk dəfə ayrıca ödənişlər təsdiqləndi. Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu üzrə suya qoşulma 200 manat, kanalizasiyaya qoşulma isə 345 manat müəyyən edildi. Digər bölgələrdə bu məbləğlər daha aşağı oldu.

İstilik xidmətləri üzrə əvvəlcə 1 kvadratmetr üçün 30 qəpik, sayğacla isə 1 Qkal üçün 14,6 manat tətbiq edildi. İlin ortasında tariflər yenidən dəyişdirildi və 1 Qkal üçün qiymət 21 manata, sayğacsız halda isə 1 kvadratmetr üçün 45 qəpiyə qaldırıldı.

Dərman bazarında isə 303 yeni dərmanın yuxarı qiymət həddi müəyyən olundu, 46 dərmanın qiyməti artırıldı, 4 dərmanın qiyməti isə aşağı salındı.

Yanvarın ortalarında ictimai gündəm qəfil dəyişdi.

İmişli: qəza, etiraz, məhkəmə

Yanvarın 18-də İmişli şəhərində Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobillə “Mercedes-Benz 190” markalı avtomobilin toqquşması ağır nəticələrlə yadda qaldı. Qəza zamanı məktəbdən qayıdan üç şagird vuruldu. İki uşaq hadisə yerində, biri isə bir neçə gün sonra xəstəxanada həyatını itirdi.

Ekspertiza rəyinə əsasən, DYP avtomobilinin orta sürəti saatda 159 kilometr olub. “Mercedes-Benz” avtomobilini 2008-ci il təvəllüdlü Bəylər Bayramlı idarə edib. O, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə, yol hərəkəti qaydalarını pozmaqda və hadisə yerindən qaçmaqda ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəylər Bayramlı 7 il 6 ay azadlıqdan məhrum edilib. Ölən uşaqların ailələrinin ondan şikayətçi olmadığı bildirilib.

İmişli hadisəsi. Foto: Telegram

Qəzadan dərhal sonra İmişlidə etirazlar başladı. Etirazçılar polis avtomobilini aşırdılar, Rayon Polis İdarəsinə doğru yürüş etdilər, “istefa” şüarları səsləndirdilər. Daxili İşlər Nazirliyi saxlanılanların xuliqanlıq ittihamı ilə məsuliyyətə cəlb edildiyini açıqladı.

Rəsmi məlumatlarda saxlanılanların sayı 19 nəfər göstərilsə də, qeyri-rəsmi mənbələr daha çox insanın saxlanıldığını bildirdi. Hadisələrdən sonra şəhərdə gücləndirilmiş polis rejimi tətbiq olundu, internetin kəsildiyi və Daxili Qoşunların yeridildiyi barədə məlumatlar yayıldı.

İyulun 3-də məhkəmə etirazlarla bağlı 19 nəfər barəsində hökm çıxardı. Onlardan 8 nəfər 1 ildən 4 ilə qədər azadlıqdan məhrum edildi, 11 nəfərə isə azadlığın məhdudlaşdırılması cəzası verildi.

Gəncə: ölüm və suallar

May ayında diqqət Gəncə şəhərinə yönəldi. 2007-ci il təvəllüdlü Elgün İbrahimov mayın 13-də istifadəsiz yataqxananın həyətində ağır yaralı vəziyyətdə tapıldı və xəstəxanada vəfat etdi.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına əsasən, Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb, zorakılıq izləri aşkar edilməyib.

Elgün İbrahimov
Videodan screenshot

Ailəsi isə bu versiyanı qəbul etmədiyini açıqladı. “Elgün İbrahimov üçün ədalət” şüarı ilə bukletlər paylandı, aksiya çağırışları edildi. Mayın 24-də ictimai fəal Nicat Əmiraslanov buklet payladığına görə 15 sutka inzibati həbs aldı. İyunun 1-də 28 May metrostansiyası yaxınlığında saxlanılan şəxslər Nəsimi Rayon Polis İdarəsində saxlanıldıqlarını, telefonlarının yoxlanıldığını bildirdilər. Saxlanılanlar arasında azyaşlıların da olduğu qeyd olundu.

Elgün İbrahimovun ölümündən sonra Gəncə şəhərində gənc və yeniyetmələrin müəmmalı şəkildə ard-arda intihar xəbəri isə bir çox şübhələrə və suallara yol açdı.

Bələdiyyə seçkiləri

Azərbaycanda 29 yanvar 2025-ci ildə bələdiyyə seçkiləri keçirildi və təxminən 700 bələdiyyədə 8000-dən çox yer uğrunda 16.000-dən çox namizəd mübarizə apardı. Seçici fəallığı aşağı idi, səsvermə hüququ olan seçicilərin yalnız 31,45%-i səs verdi. REAL Partiyası bir neçə yer qazansa da, Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etdi və Müsavat Partiyası geniş yayılmış seçici saxtakarlığını və şəffaflığın olmamasını tənqid etdi. 70.000-dən çox yerli müşahidəçiyə baxmayaraq, heç bir beynəlxalq müşahidəçi dəvət olunmadı. Ekspertlər seçicilərin laqeydliyini yerli idarəetməyə az təsir göstərən bələdiyyə orqanlarının məhdud səlahiyyətləri ilə əlaqələndirdilər. Seçkilər həmçinin tənqidlərlə üzləşdi.

Kadr dəyişiklikləri və həbslər

İl ərzində mərkəzi və yerli icra strukturlarında kadr dəyişiklikləri də oldu. Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilərək baş nazirin müavini təyin olundu. Sahil Babayev maliyyə naziri, Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri oldu. Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edildi. Azər Qasımov Prezidentin mətbuat katibi postundan çıxarıldı.

Yerli icra hakimiyyətlərində dəyişikliklər də diqqətdən qaçmadı. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev vəzifəsindən azad edildikdən bir gün sonra rüşvət və mənimsəmə ittihamları ilə həbs olundu. Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı başçının müavini və digər vəzifəli şəxslər saxlanıldı.Bir neçə rayonda icra başçıları vəzifədən azad edildi və başqa rayonlara təyin edildi. Ən maraqlısı isə o oldu ki, noyabrın 12-də Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Elxan İbrahimov 47 gün sonra – dekabrın 29-da vəzifəsindən uzaqlaşdırıldı.

Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev – Foto: DTX

Martın 4-də Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edildi. Bu xəbərdən sonra bir çox yerli media orqanlarında yazırdılar ki, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlik xidməti yazışmaları sızdırıb. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Məsələ ilə bağlı Agentliyin bir neçə üzvünün istintaqa cəlb olunduğu və həbs edildiyi barədə xəbərlər yayıldı.

Yerli mediada yazılan məlumatlarda Nağıyevin “Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən” “Transparency International” təşkilatında çalışmış şəxsləri rəhbərlik etdiyi quruma gətirdiyi yazılırdı. Və onun bu təşkilatın rəhbəri olmuş Rəna Səfərəliyevanın kürəkəni olduğu qeyd olunurdu.

Məlum töhmətdən bir gün sonra  “Transparency International”ın Azərbaycandakı nümayəndəliyi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” təşkilatı fəaliyyətini dayandırdı.  

2025-ci ilin aprel ayında təqsirləndirilən hərbçilərə işgəncə verilməsi ilə bağlı 2017-ci ildə baş verən “Tərtər işi” ilə əlaqəli olan Azərbaycanın keçmiş Hərbi Prokuroru Xanlar Vəliyev Konstitusiya Məhkəməsinə təyin edildi. Vəliyev dövlət mükafatı ilə təltif edildi və təqaüdə çıxdıqdan sonra tərifləndi. Tənqidçilər, o cümlədən qurbanların ailələri və hüquq müdafiəçiləri təyinatı sistemli cəzasızlığın simvolu və Azərbaycanda məhkəmə etibarlılığına və etik standartlara ciddi zərbə kimi gördülər.

Bu il səlahiyyət müddəti başa çatan Kamran Əliyev Milli Məclisin qərarı ilə yenidən Azərbaycan Respublikasının Baş prokuroru təyin olundu.

Milli Məclisdən söz düşmüşkən, ilin son iş günündə parlamentdə  keçirilən iclasda İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsi qəbul edildi. Layihədə bir sıra məsələlərlə bağlı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulur. Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə cərimələr xüsusilə diqqət çəkir. Belə hallara görə fiziki şəxslər 300 manat (hazırkı cərimə 50 manatdır), hüquqi şəxslər isə 1000 manat (hazırkı cərimə 100 manatdır) cərimə ediləcək.

Bir sözlə, ilin son iş günündə qəbul olunmuş layihəyə əsasən, gələn ildən Azərbaycanda bir sıra sahələr üzrə həm vergi və rüsumlar, həm də cərimələr artırılır. Ekspertlər bunu ölkəyə daxil olan neft pullarının azalması ilə izah edirlər.

Bu arada çox rahatlıqla, inanclara uyub, ili necə başladıqsa elə də başa vururuq deyə bilərik.  Bu dəfə də xalqın cibinə və əhvalına “qənim kəsilmiş” Tarif Şurası ilin əvvəlində olduğu kimi ilin sonuna bir gün qalmış bayram ovqatında olan əhalinin qanını qaraltmağı bacardı.

Bahalaşma
Source: Shutterstock

Tarif Şurasının qərarına əsasən, 2026-cı il yanvarın 1-dən Aİ-92 markalı benzinin 1 litri 5 qəpik, dizelin 1 litri isə 10 qəpik artacaq. Bir sözlə yanvarın 1-dən Aİ-92 markalı benzinin 1 litri 1 manat 15 qəpiyə, dizelin 1 litri isə 1 manat 10 qəpiyə olacaq.

Bundan əlavə, Şura elektrik enerjisi və təbii qaz üzrə tariflər də müəyyən edib. Qərara əsasən, 2026-cı il yanvarın 1-dən istehlak səviyyəsindən asılı olmayaraq qaz və elektrik üçün aylıq ödəniş 1-3 manat olacaq.

Elektrik enerjisi üzrə mənzil və fərdi evlər, həmçinin kiçik müəssisələr (bir fazalı enerji istifadə edənlər) 1 manat, böyük müəssisələr (üç fazalı enerji istifadə edənlər) isə 3 manat ödəyəcək.

Təbii qaz üzrə də mənzil və fərdi evlər, həmçinin kiçik müəssisələr 1 manat, böyük sənaye obyektləri isə 3 manat ödəyəcək.

Yəni istifadə edib-etməməsindən asılı olmayaraq abonentlər hər ay ödəniş etməli olacaqlar.

Bunu Tarif Şurasının və ya hökumətin əhaliyə son bayram “sürprizi” adlandıra bilərik.

Karantin və qərarlar

Bu il də ötən 5 ildən fərqli olmayaraq Azərbaycan qapalı ölkə kimi qalmaqda davam etdi. Dekabrın 19-da Baş nazir Əli Əsədovun imzaladığı qərarla xüsusi karantin rejimi 2026-cı il aprelin 1-dək uzadıldı. Rəsmi əsaslandırma yenə də COVID-19 infeksiyası ilə bağlı “risklərdir”.

Qapalı ölkədə insan haqları və azadlıqlar

2025-ci il Azərbaycanda insan haqları və medianın vəziyyətinə görə də ağır bir il olub. Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının hesabatlarına görə, ölkədə jurnalistlər və ictimai fəallar sistemli təzyiqlərlə üzləşiblər, həbs ediliblər və media azadlığı ciddi məhdudlaşdırılıb. İl ərzində jurnalistlər, QHT rəhbərləri, hüquq müdafiəçiləri, əmək hüquqları fəalları və siyasi aktiv şəxslər barəsində ardıcıl cinayət işləri açıldı, uzunmüddətli həbs hökmləri çıxarıldı, media qurumlarının fəaliyyəti məhdudlaşdırıldı və informasiya mühiti əhəmiyyətli dərəcədə daraldıldı.2025-ci ildə Azərbaycanın insan hüquqları durumu beynəlxalq hesabatlarda açıq şəkildə tənqid olundu.

Beynəlxalq Jurnalistlər Federasiyasının 2025-ci ildə açıqladığı hesabata görə, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Avropada ilk beş ölkə sırasında yer aldı. Siyahıda Rusiya (38), Belarus (30), Ukrayna (28) və Türkiyə (20) ilə yanaşı Azərbaycan da göstərildi.

Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının məlumatına əsasən, Azərbaycan Avropada həbsdə olan jurnalistlərin sayına görə Belarusdan sonra ikinci yerdə qərarlaşdı. Hesabatda Media Qanununun mətbuat azadlığını boğduğu vurğulandı.Freedom House təşkilatının hesabatında Azərbaycan “Azad olmayan ölkə” kimi qiymətləndirildi. “Sərhədsiz Reportyorlar” təşkilatının (RSF) 2025-ci il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yeri tutdu.Hesabatda ölkədə müstəqil medianın faktiki olaraq qalmadığı bildirildi. Noyabrın 2-də RSF Azərbaycan Prezidenti İlham Əliyevi “mətbuat azadlığı yırtıcısı” adlandırdı.

ABŞ Dövlət Departamentinin hesabatında isə repressiyaların artması, əsassız həbslər, media və ifadə azadlığına sistemli təzyiq və azı 40 jurnalist və fəalın həbs edildiyi bildirildi.

2025-ci il dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yeni qətnamə qəbul etdi. Qətnamədə 2025-ci ilin əvvəlinə siyasi motivli həbslərin sayının təxminən 400 nəfərə çatdığı bildirildi. Qətnamə 553 deputatın iştirakı ilə qəbul olundu, 477 deputat lehinə, 7-si əleyhinə səs verdi və Aİ sanksiyalarının nəzərdən keçirilməsi təklif edildi.

Sərbəst toplaşmaq azadlığı

Bu il yeganə mitinq təşəbbüsü Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) və Milli Şuradan gəlsə də, aksiyanın keçirilməsinə icazə verilməyib.  “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aprel ayının 27-də mitinq keçirməyi planlaşdıran təşkilatçılara Bakı Şəhər İcra Hakimiyyəti ənənəvi olaraq “yox” cavabı verib.

Bu arada Azərbaycanda son icazəli mitinq 2019-cu ildə keçirilib.

Jurnalist həbsləri: “Meydan TV işi”

2025-ci ilin əvvəlindən jurnalistlərə qarşı həbslər yeni mərhələyə keçdi. 2024-cü ilin sonlarından başlayan “Meydan TV işi” üzrə 2025-ci ildə də həbslər davam etdi. Bu iş üzrə  jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağayev (Ağa), müstəqil jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva), fotojurnalist Əhməd Muxtar həbs olundu. İş üzrə saxlanılanların sayı ümumilikdə 12  nəfərə çatdı.

meydan tv, meydantv, həbs
Kollaj: Meydan TV

Jurnalistlər Cinayət Məcəlləsinin 7 maddəsii ilə ittiham olunur. Hazırda bu iş üzrə məhkəmə prosesləri davam edir.  Saxlanılan şəxslər ittihamları rədd edərək, həbslərin jurnalist fəaliyyətləri ilə əlaqəli olduğunu bildirirlər.

“AbzasMedia işi”: uzunmüddətli hökmlər

2025-ci il iyunun 20-də “AbzasMedia işi” üzrə hökm elan edildi. Media qurumunun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı jurnalist Fərid Mehralızadə 9 il azadlıqdan məhrum edildi. Reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzası aldı.

“Toplum TV işi”

2025-ci ildə “Toplum TV” üzrə cinayət işi də geniş rezonans doğurdu. İş çərçivəsində Şahnaz Bəylərqızı (Hüseynova) barəsində əvvəlcə həbs qətimkan tədbiri seçildi, daha sonra ev dustaqlığı qətimkan tədbirinə dəyişdirildi. Bu iş üzrə jurnalist Fərid İsmayılov həbs edildi.

toplum, toplumtv
Kollaj: Toplum TV

Nəticədə media qurumu ölkə daxilində fəaliyyətini dayandıraraq yayımını xaricdən davam etdirməyə məcbur qaldı.

Hazırda bu iş üzrə də məhkəmə prosesləri davam edir.

Digər media qurumları və jurnalistlər

İl ərzində digər media qurumlarının əməkdaşları da hədəfə alındı. “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov 2 il azadlıqdan məhrum edildi, noyabrın 27-də o həbs müddətini başa vuraraq azadlığa çıxdı.  “Kanal 11” əməkdaşı Teymur Kərimov 8 il həbs cəzası aldı, cəza sonradan apelyasiya və Ali Məhkəmə  instansiyalarıı tərəfindən azaldılaraq 6 ilə salındı. Onunla birlikdə həbs olunmuş İstək Totiyeva barəsində şərti cəza qərarı verildi. Xural TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallı isə xəstəlik səbəbilə azadlığa buraxıldı.

Bu il həmçinin “Yoldaş Media”nın rəhbəri Əhməd Məmmədli və “Hürriyyət” TV-nin baş redaktoru Vüqar Məmmədov həbs olundu.

Gürcüstanda həbsdə olan “Azel TV” saytının təsisçisi, azərbaycanlı jurnalist Əfqan Sadıqov isə azadlığa buraxıldı. Ona qarşı 5 000 lari ( təqribi 3 min AZN)  miqdarında girov  qətimkan tədbirini  seçilib. Jurnalist Azərbaycan tərəfinin sorğusu əsasında 2023-cü ilin avqustunda həbs olunmuşdu, onun ekstradisiyası tələb olunurdu.

Əfqan Sadıqov Gürcüstanda saxlanılarkən. Foto: Sevinc Sadıqova

Eyni zamanda media institutlarına qarşı inzibati qərarlar qəbul olundu. BBC News Bakı ofisini bağladı, Sputnik agentliyinin nümayəndəliyi ləğv edildi, Amerikanın səsi və Bloomberg agentliklərinin akkreditasiyaları ləğv olundu.

Ölkənin ən qocaman müstəqil media qurumu olan Turan İnformasiya Agentliyi isə fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

Zorakılıq, ayrı-seçkilik və yaşamaq hüququ

Noyabrın 4-də Bakıda Yasin İbadov bıçaqlanaraq öldürüldü. Onun LGBTQ+ fərdi olduğu bildirildi, qətli əmisinin törətdiyi iddia olundu. Hadisəyə müdaxilənin gecikdiyi və tibbi yardım göstərilmədiyi bildirildi.

Dekabrın 26-da Bakının mərkəzində bir klubda keçirilən polis reydi zamanı azı 106 LGBTQ+ fərdi saxlanıldı. Alçaldıcı rəftar, fiziki təzyiq və pul tələbi iddiaları səsləndirildi. Polis hadisə ilə bağlı açıqlama vermədi.

Siyasi və ictimai fəallar

2025-ci ildə siyasi və ictimai fəallar barəsində də ardıcıl hökmlər çıxarıldı. İctimai fəal Bəxtiyar Hacıyev 10 il, onunla dostluq etdiyinə görə həbs olunduğunu deyən Rail Abbasov 6 il 6 ay, Musavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edildi. Yaqublu hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirdi. Keçmiş diplomat Emin İbrahimov 7 il, siyasi fəal Nicat İbrahim 6 il 6 ay həbs cəzası aldı. İşçi hüquqları Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 8 il, üzvləri Möhyəddin Orucov, Ayxan İsrafilov və Elvin Mustafayev 3 il, siyasi fəal və birinci qrup əlil Famil Xəlilov isə şərti cəza aldı.

2025-ci ildə akademik azadlıqlar da ciddi zərbə aldı. Elmi tədqiqatçılar İqbal Əbilov dövlətə xəyanət ittihamı ilə 18 il, Bəhruz Səmədov isə 15 il azadlıqdan məhrum edildi.

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən iqtisadçı alim Fazil Qasımov 2025-ci il martın 13-də 9 il həbs cəzası aldı.

Həbs – Foto: Leonardo.ai

“Gənc Qazilər” İctimai Birliyinin sədri, II Qarabağ müharibəsinin iştirakçısı, hökumətin tənqidçisi Hacı Vəliyev də bu il həbs olunanların siyahısına düşdü. Onun həbsindən sonra rəhbəri olduğu təşkilat fəaliyyətini dayandırdı.

İctimai fəal Elgiz Qəhrəman “meclis.info” saytının rəhbəri İmran Əliyevin işi üzrə təqsirləndirilən şəxs qismində tanınaraq barəsində istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İctimai fəal Anar Abdulla barəsində isə həbs qətimkan tədbiri seçilib.  2025-ci ilin aprelində o, həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin( SMDTM) rəhbəri  Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunmuşdu. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Avqustun 4-də bu iş üzrə keçirilən məhkəmə prosesində prokurorun vəsatəti ilə hakim onun qətimkan tədbirini dəyişərək həbs qətimkan tədbiri ilə əvəzlədi və ictimai fəal məhkəmə zalındaca həbs olundu. Hazırda hər iki iş üzrə məhkəmə prosesləri davam edir.

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədli yenidən məhkəmə zalında həbs edildi. Prosesdə zərərçəkən kimi tanınan şəxslər dəymiş ziyanı ödəmədiyini əsas gətirərək A.Əsədlinin həbsi barədə verdiyi vəsatəti məhkəmə təmin etdi və onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsi barədə qərar çıxardı.

Bu il həbs dalğası vəkillərdən və müstəqil hüquqşünaslardan da yan keçmədi. Belə ki, oktyabrın 8-də vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılmış Zabil Qəhrəmanov elə həmin ay həbs edildi. Dekabrın 10-da isə Xətai Rayon Məhkəməsinin qərarı ilə müstəqil hüquqşünas Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçildi.

Dekabrın 12-də 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində AXCP üzvü Elbəyi Kərimlinin intihar etdiyi xəbərləri yayıldı. Elbəyi Kərimli 2023-cü ilin avqust ayında Heydər Əliyevin heykəlinə “Stalin” yazdığı üçün narkotik ittihamı ilə həbs olunmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İlin son günlərində isə, konkret desək dekabrın 22-də sosial mediada hakimiyyətə qarşı tənqidi yazıları ilə tanınan ictimai fəal Dəyanət Çələbiyev həbs olundu. İngilis dili müəllimi olan Dəyanət Çələbiyev qəsdən sağlamlığa ağır zərbə vurmaqda ittiham olunur. O özünü təqsirli bilmir, tənqidi yazılarına görə həbs olunduğunu deyir.

“QHT işi” və vətəndaş cəmiyyəti

2025-ci ildə “QHT işi” çərçivəsində vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı istintaq aparıldı. Vətəndaş Cəmiyyətinin üzvləri Bəşir Süleymanlı və Məmməd Alpay (Məmmədzadə) həbs edildi. Hafiz Həsənov, Qalib Bayramov və Mehriban Rəhimli barəsində ev dustaqlığı və polis nəzarəti tətbiq olundu. Sübhan Həsənli, Cəmil Hacıyev və Aytac Ağazadə barəsində qiyabi həbs və axtarış qərarları verildi. İş üzrə Əhməd Məmmədzadə, Qalib Bayramov, Asəf Əhmədov, Zamin Zəkiyev, Nərgiz Muxtarova da daxil olmaqla ümumilikdə təxminən 50 nəfərin istintaqa cəlb olunduğu bildirildi.

Mühacirətdə olanlar və qiyabi hökmlər

2025-ci ildə mühacirətdə yaşayan blogerlər, fəallar və jurnalistlər barəsində qiyabi həbs və hökmlər elan olundu. Tural Sadıqlı, Orduxan Temirxan (Bəbirov), Məhəmməd Mirzəli, Qabil Məmmədov, İmaməddin Əlimanov , Elşad Abdullayev, Qurban Məmmədov, Qənimət Zahid, Natiq Ədilov, Altay Göyüşov, Sevinc Osmanqızı, Abid Qafarov, Ərəstun Oruclu, Emin Əhmədbəyov və digərləri müxtəlif ittihamlarla cinayət məsuliyyətinə cəlb edildi, onların bir çox barəsində məhkəmələr qiyabi həbs hökmləri çıxardı.

bloqerler, blogerler, blogerlər
Mühacir blogerlər – Kollaj: Meydan TV

Siyasi məhbus siyahısı

“Azərbaycan Siyasi Məhbuslara Azadlıq” Birliyinin tərtib etdiyi son siyahıya görə, ölkədə olan siyasi məhbusların sayı 392 nəfərdir.

Bu arada il ərzində xeyli fəalın və jurnalistin ölkədən çıxışına məhdudiyyət qoyulub, eyni zamanda onlarla siyasi və ictimai fəallar inzibati həbsə göndəriliblər.   

Amnistiya və digər hadisələr

Dekabrın 15-də Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürdü. Milli Məclis də dekabrın 19-da layihəni qəbul etdi və dekabrın 22-də aktın icrasına başlanıldı. Bu, ən genişmiqyaslı amnistiya aktı kimi qələmə verildi.  Ədliyyə Nazirliyinin məlumatına görə, penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkumların sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, təxminən 3 min məhkumun isə cəzası 6 ay azaldılacaq.

Lakin siyasi məhbus kimi tanınan şəxslərin əksəriyyəti bu amnistiyadan kənarda qaldı.

Amnistiya aktı qüvvəyə minəndən etibaran bu günədək hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan 36 nəfərin azadlığa buraxıldığı və daha 30-a yaxın şəxsin azad olunacağı deyilir. Hüquq müdafiəçilərinin sözlərinə görə , onların əksəriyyəti narkotik ittihamı ilə həbs olunan siyasi məhbus siyahısında olan dindarlardır.

Vətəndaş cəmiyyəti üzvləri bəyanat verərək amnistiya aktını manipulyasiya adlandırdılar.

İlin ən səsli-küylü həbsləri

İl ərzində diqqət çəkən hadisələrindən biri Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev barəsində oldu. Mediada “Boz kardinal”, Rusiyanın “5-ci kolonu”nun rəhbəri kimi adlandırılan Ramiz Mehdiyev barəsində oktyabrın 14-də dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə cəhd və çirkli pulların yuyulması maddələri ilə cinayət işi açıldı və ev dustaqlığı qətimkan tədbiri seçildi.

Noyabrın 29-da isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli saxlanıldı. Bir gün sonra Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçildi. Əli Kərimliyə və Məmməd İbrahimə qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.

Noyabrın 30-na keçən gecə hazırda İstanbulda olan Milli Şuranın üzvü  Gültəkin Hacıbəyli də Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı və deportasiya mərkəzinə aparıldı. Onun Azərbaycana deportasiya olunacağı ehtimal edilir.

Hökumətyönlü media AXCP sədri Əli Kərimlinin və Məmməd İbrahimin həbsini və ümumiyyətlə müxalifət düşərgəyə qarşı hökumətin atdığı addımları Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə, eyni zamanda dolayısı yolla Rusiya ilə əlaqələndirməyə çalışır.

Əli Kərimli – Foto: Meydan TV

Rusiya demişkən, 2025-ci ili həm də Rusiya ilə gərginliklər kimi adlandırsaq, yanılmarıq. Bunu il ərzində Azərbaycan hakimiyyətinin apardığı xarici siyasətdən də açıq aydın görmək olur.

Rusiya ilə açıq qarşıdurma ili

2025-ci il Azərbaycan–Rusiya münasibətlərində ən gərgin illərdən biri oldu. Gərginlik ilin əvvəlində Bakıda fəaliyyət göstərən “Rus Evi” ətrafında başladı. Baku TV-nin “Rus Evi, yoxsa rus kəşfiyyatı evi?” reportajından sonra Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov rəsmi Bakını böhtanda ittiham etdi. Qarşılıqlı olaraq səfirlər XİN-ə çağırıldı, notalar verildi. Azərbaycan tərəfi isə “Rus Evi”nin hüquqi qeydiyyat tələbini irəli sürdü və binanın boşaldılmasını istədi.

İlin ən kəskin mərhələsi isə “Sputnik Azərbaycan” işi oldu. Fevralda agentliyin akkreditasiyası ləğv edildi, iyunda isə Daxili İşlər Nazirliyi ofisdə əməliyyat keçirərək 7 nəfəri saxladı. İcraçı direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov dələduzluq və qanunsuz sahibkarlıq ittihamları ilə həbs olundu. Rusiya tərəfi bunu mətbuata qarşı addım kimi qiymətləndirdi, Kreml isə jurnalistlərin azad ediləcəyinə ümid etdiyini bildirdi. Oktyabrda Kartavıx azad edilərək Rusiyaya göndərildi.

Foto: Azərtac

Bu proseslər Yekaterinburqda baş verən hadisələrlə daha da kəskinləşdi. İyun ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı iki azərbaycanlı qardaş – Ziyəddin və Hüseyn Səfərov öldürüldü, onlarla azərbaycanlı saxlanıldı. Azərbaycan bu hadisələri qeyri-proporsional zorakılıq kimi qiymətləndirərək Rusiya səfirliyini XİN-ə çağırdı.

Sentyabrın 1-də Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Prezident İlham Əliyev bir sıra liderlərlə görüşsə də, Rusiya Prezidenti Vladimir Putinlə təmasdan açıq şəkildə yayındı. Bu jest, həm Rusiyanın hava məkanında baş vermiş mülki təyyarə faciəsi, həm də Rusiyada azərbaycanlı vətəndaşların ölümü fonunda donmuş münasibətlərin simvolik göstəricisi kimi dəyərləndirildi. Azərbaycan mediasında Rusiyanın Azərbaycana qarşı kampaniyalarının sərt tənqidi Moskva ilə səbrin azaldığını açıq göstərdi.

Bununla belə, il ərzində tam qopma baş vermədi. Düşənbədə keçirilən təkbətək görüşdə Vladimir Putin  ötən ilin dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı üzr istədi, hava hücumundan müdafiə sistemində texniki nasazlığı etiraf etdi və kompensasiya veriləcəyini bildirdi. İlham Əliyev isə istintaqın obyektiv aparılacağına ümid etdiyini vurğuladı. Liderlərin çıxışları münasibətlərin formal müttəfiqlik çərçivəsində saxlanılmağa çalışıldığını göstərsə də, real etimadın ciddi şəkildə zədələndiyi aydın idi.

Qərblə məsafənin artması: USAID və BMT qurumlarının çıxışı

2025-ci ildə Azərbaycanın Qərb institutları ilə münasibətlərində ən ciddi dəyişikliklər ABŞ və BMT xəttində baş verdi. Azərbaycan hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin hüquqi əsasının olmadığını bildirərək rəsmi şəkildə fəaliyyətini dayandırdı. Xarici işlər naziri Ceyhun Bayramov açıq şəkildə bəyan etdi ki, USAID-in proqramları daha çox ABŞ-nin maraqlarına xidmət edib.

Bu addım ABŞ–Azərbaycan münasibətlərində açıq soyuqluğa səbəb oldu. Vaşinqton həbslər və insan hüquqları ilə bağlı narahatlığını davam etdirdi, Bakı isə bunu daxili işlərə müdaxilə kimi qiymətləndirdi. Prezident İlham Əliyevin Donald Trampın mümkün siyasi qayıdışı ilə bağlı ümidli açıqlamaları da münasibətlərin hazırkı mərhələdə strateji olmadığını göstərdi.

Eyni xətt BMT qurumları ilə münasibətlərdə də müşahidə olundu. 2025-ci il ərzində UNDP, UNHCR, UNFPA, UNICEF və Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycandakı fəaliyyətlərini dayandırdı. Rəsmi Bakı bu qərarları Azərbaycanın artıq yardım alan deyil, donor və təşəbbüskar ölkə olması ilə əsaslandırdı və gələcək əməkdaşlığın yalnız birbaşa mənzil-qərargahlar səviyyəsində mümkün olacağını bildirdi.

Bu proseslər beynəlxalq müşahidəçilər tərəfindən Azərbaycanın özünü qlobal humanitar və hüquq mexanizmlərindən tədricən təcrid etməsi kimi qiymətləndirildi.

Rusiya ilə münasibətlərin soyuması fonunda 2025-ci ildə Azərbaycanın xüsusən də ABŞ ilə əlaqələrində dönüş baş verdi. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli sammitdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı və birgə bəyanat qəbul edildi.

Ağ Evdə keçirilən mərasimdə Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan birgə bəyanat imzaladılar. Tramp bölgədə davamlı sülhə əmin olduğunu bildirdi və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizini “Tramp marşrutu” adlandırdı. ABŞ-nin bu marşruta 99 illik zəmanət və iştirak planı regionda yeni güc balansını gündəmə gətirdi.

İlham Əliyev bu prosesi “strateji tərəfdaşlığın başlanğıcı” adlandırdı və bir neçə ay ərzində Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanacağını açıqladı. ABŞ tərəfindən 907-ci düzəlişin ləğvi isə münasibətlərdə tarixi dönüş kimi qiymətləndirildi. Donald Trampın Əliyevi “sərt və ağıllı lider” kimi təqdim etməsi, Paşinyanın isə Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək təşəbbüsü bu prosesin siyasi simvolizmini daha da gücləndirdi.

Ermənistanla sülh: hüquqi çərçivə və beynəlxalq mexanizmlərin bağlanması

2025-ci ilin ən mühüm nəticələrindən biri Ermənistanla sülh prosesinin hüquqi müstəviyə keçməsi oldu. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətni yayımlandı. Sazişdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, gələcəkdə ərazi iddialarından imtina edir, sərhədlərin delimitasiya və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını və üçüncü ölkə qüvvələrinin sərhəddə yerləşdirilməməsini öhdələrinə götürürlər.

Bu prosesin davamı olaraq ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı qərar qəbul edildi. Sentyabrın 1-də ATƏT-in 57 üzv ölkəsi ilin sonunadək Minsk Qrupunun ləğvinə yekdilliklə səs verdi. Təşkilatın sədri Elina Valtonen bu qərarı Azərbaycan və Ermənistanın birgə müraciətinin nəticəsi kimi alqışladı. Beləliklə, 30 ildən çox davam edən beynəlxalq vasitəçilik mexanizmi tarixə qovuşdu.

Встреча в Вашингтоне, где была подписана совместная декларация

Dekabrın 18-də Azərbaycandan dəmir yolu ilə ilk dəfə Ermənistana AI-95 markalı benzin dolu 22 tanker yola salındı. Bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret addım kimi hesab olundu.

Vətəndaş cəmiyyəti və “idarə olunan xalq diplomatiyası”

İlin sonunda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin Yerevan və Bakı səfərləri diqqət çəkdi. Oktyabrda Yerevanda, noyabrda Bakıda keçirilən görüşlərdə etimad quruculuğu müzakirə olunsa da, müstəqil ekspertlər bu təşəbbüsləri “idarə olunan xalq diplomatiyası” kimi qiymətləndirdilər. Ermənistandan gələn nümayəndələrin Bakıda saxlanılan 23 erməni məhbusla görüşünə icazə verilməməsi bu prosesin məhdudluğunu göstərdi.

Bu görüşlər, bir tərəfdən rəsmi sülh gündəliyinə ictimai legitimlik qazandırmaq cəhdi kimi, digər tərəfdən isə Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin zəifləmiş vəziyyəti fonunda simvolik addım kimi dəyərləndirildi.

İranla normallaşma, amma ehtiyatlı balans

İranla münasibətlər 2025-ci ildə nisbətən sabitləşdi. Tehran Azərbaycanda saxlanılan İran vətəndaşları ilə bağlı etiraz notası göndərsə də, Bakı bir neçə İran vətəndaşının əfv olunduğunu bildirdi.

Əlaqələrin normallaşmasının əsas mərhələsi İran Prezidenti Məsud Pezeşkianın aprel ayında Bakıya səfəri oldu. Bu səfər 2023–2024-cü illərin gərgin fonundan sonra münasibətlərdə yeni səhifə kimi qiymətləndirildi.

İsrail və Türkiyə faktoru

İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya planlaşdırılan səfəri təhlükəsizlik səbəbləri ilə təxirə salındı. Qeyri-rəsmi məlumatlara görə, Türkiyənin hava məkanı məsələsi də bu qərara təsir göstərdi. Bu hadisə 2024-cü ildə COP29 çərçivəsində İsrail Prezidenti Hersoqun səfərinin ləğvi ilə paralel qiymətləndirildi və regional balansın nə qədər həssas olduğunu göstərdi.

Avropa ilə diplomatik böhranlar

2025-ci ildə Avropa institutları ilə münasibətlər də problemsiz olmadı. Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos Azərbaycan rəhbərliyini siyasi həbslərdə ittiham etdi və Bakının AİHM qərarlarını tanımamasını sərt tənqid etdi. Cavab olaraq, Rusopulos “qara siyahı”ya salındı.

Azərbaycan Avronest Parlament Assambleyasının Yerevan sessiyasında iştirak etmədi, bu da Brüssel xəttində narazılıq yaratdı.

Almaniya ilə münasibətlər isə Prezident Frank-Valter Ştaynmayerin sosial şəbəkədə keçmiş separatçı simvolları paylaşması ilə böhran yaşadı. Azərbaycan səfirliyi kəskin etiraz etdi, Almaniya səfiri XİN-ə çağırıldı və nəticədə Almaniya Prezident Administrasiyası üzrxahlıq etdi.

Kölgə şəbəkələri, çirkli pullar və çirklənmiş neft

İlin əvvəlindən etibarən Avropa mediasında Azərbaycan hakim elitasına yaxın şəxslərin adı narkotik, maliyyə cinayətləri və beynəlxalq korrupsiya araşdırmalarında çəkilməyə başladı. Yunanıstanın Kaliviya şəhərində bir villada təşkil olunduğu iddia edilən narkotik məclisi bu silsilənin ilk sarsıdıcı hadisələrindən oldu. Azərbaycan Prezidentinin əmisi Cəlal Əliyevin qızı, DJ kimi tanınan İzzətxanım Cavadova barəsində Yunanıstan məhkəməsi həbs qətimkan tədbiri seçdi. Polis əməliyyatı zamanı onun yataq otağında onlarla bağlama kokain, ekstazi, kristal metamfetamin və 43 min avrodan çox nağd pul aşkarlandı. Cavadova ittihamları qəbul etməsə də, iş materialları onu təkcə narkotik işi ilə deyil, daha geniş maliyyə şəbəkələri ilə əlaqələndirdi.

Bu ifşalar fonunda Malta üzərindən keçən enerji və korrupsiya qalmaqalları yenidən gündəmə gəldi. “Times of Malta” və “Reuters”in məlumatlarına görə, “SOCAR Trading”in tərəfdaşı olduğu “Electrogas” elektrik stansiyası layihəsi çərçivəsində “17 Black” adlı şirkət vasitəsilə milyonlarla avro çirkli pul dövriyyəsi həyata keçirilib. Maltalı iş adamı Yorqen Fenekin nəzarətində olan “17 Black”in, ölkənin keçmiş baş nazirinin administrasiya rəhbəri K.Şembri və keçmiş energetika naziri K.Mizzi üçün gizli ödəniş mexanizmi kimi nəzərdə tutulduğu bildirilib. Araşdırmalar SOCAR Trading-in bu sxemdə qiymət fərqlərindən istifadə edərək təxminən 32 milyon avro qazandığını göstərdi.

Avropada “kürü diplomatiyası” kimi tanınan korrupsiya mexanizmi isə Almaniyada məhkəmə müstəvisinə keçdi. Münhen Ali Regional Məhkəməsi Bundestaqın keçmiş deputatı Eduard Lintneri Azərbaycanın maraqları naminə Avropa Şurası Parlament Assambleyasında lobbiçilik etmək üçün rüşvət verməkdə təqsirli bildi. İstintaq materiallarına görə, Lintner 2008–2016-cı illər arasında Azərbaycandan təxminən 4 milyon avro alıb. Bu işdə adı keçən digər AŞPA üzvü Karin Ştrenzin də Azərbaycanla bağlı insan haqları hesabatlarının əleyhinə səs verdiyi vurğulandı.

Böyük Britaniyada isə Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinə bağlı pullarla işləyən hüquqşünas Rori Fordays ciddi cərimələndi. Tribunal onun Mahmudov ailəsinin milyonlarla funt sterlinqlik daşınmaz əmlak alışlarında yoxlamaları bilərəkdən səthi apardığını bildirdi.

Eyni zamanda, Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov da qalmaqallardan kənarda qalmadı. O, Çeşirdə yerləşən reabilitasiya klinikasında üç qadın əməkdaşına qarşı seksual hərəkətlərdə təqsirli bilinərək 16 ay şərti həbs cəzası aldı və 10 il müddətinə cinsi cinayətkarlar reyestrinə salındı.

ABB-nin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı əmlaklarının müsadirəsi və satışa çıxarılması Azərbaycan mənşəli vəsaitlərin Qərbdə necə ciddi nəzarətə alındığını nümayiş etdirdi.

İlin ən böyük beynəlxalq böhranı isə enerji sektorunda yaşandı. İyul ayında Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Avropaya ixrac olunan “Azəri Light” markalı neftdə normadan artıq üzvi xlorid aşkarlandı. İtaliya, Rumıniya və Çexiya neft şirkətləri çirklənmiş nefti qəbul etməkdən imtina etdi, bəzi zavodlarda fövqəladə vəziyyət elan olundu və Avropa Komissiyasına müraciət edildi. Nəticədə BTC ilə neft daşınması bir neçə gün tam dayandırıldı. Bu qalmaqal “Drujba” kəməri ilə bağlı 2019-cu il böhranı ilə müqayisə olundu və Azərbaycandan potensial təzminat tələbləri gündəmə gəldi.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə
Source: Meydan.TV

Bu hadisələrin ardınca neft maqnatı Adnan Əhmədzadə Bakıda həbs olundu. O, “Azeri Light” neftinin digər xam neftlərlə qarışdırılaraq satılmasında və iqtisadi təhlükəsizliyə qarşı təxribatda ittiham edildi. Halbuki Əhmədzadə artıq SOCAR-da rəsmi vəzifə daşımırdı. Müstəqil ekspertlər onun “qurban seçildiyini”, məsuliyyətin isə daha geniş dairəni əhatə etməli olduğunu bildirdilər. Paralel olaraq, beynəlxalq media Əhmədzadəni Rusiya və Liviya neftinin saxta sertifikatlarla “türkmən” mənşəli kimi Avropaya çıxarılmasında ittiham edən araşdırmalar dərc etdi. Bu şəbəkədə “Alkagesta”, “Oil Mar Shipping”, “Caspian Oil and Gas” kimi şirkətlərin və SOCAR Trading-lə əlaqələrin olduğu qeyd olundu.

Bu mənzərəyə Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinin Gürcüstandakı milyonluq daşınmaz əmlak yatırımları, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğluna qarşı ABŞ-də baş verdiyi iddia olunan məişət zorakılığı faktları da əlavə olundu.

“Transparency International”ın 2024-cü il üzrə Korrupsiya Qavrayışı İndeksində Azərbaycanın 180 ölkə arasında 154-cü yeri tutması ölkənin beynəlxalq nüfuzunu daha da zəiflətdi. Bu nəticə ölkədə məhkəmə sisteminin, hüquq-mühafizə orqanlarının və dövlət institutlarının korrupsiya ilə mübarizədə ciddi problemlərlə üzləşdiyini göstərdi.

Ana səhifəAnalitikaAzərbaycanın 2025-ci ili: diplomatiya, təhlükəsizlik və insan haqları…