Azərbaycandan Ermənistana ilk dəfə yanacaq göndərildi

Foto: Toasted Pictures/ shutterstock

Dekabrın 18-də Azərbaycandan dəmir yolu ilə Ermənistana AI-95 markalı, benzin dolu 22 tanker yola salınıb.

“Euronews” yazır ki, bu, son onilliklər ərzində ilk belə yanacaq ixracıdır və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret addım hesab olunur.

SOCAR tərəfindən istehsal olunan 1210 ton benzin Gürcüstan ərazisindən Ermənistana çatdırılacaq.

Yanacaq ixracı haqqında razılaşma noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında əldə olunub.

Hazırda Ermənistan yanacağının 60 faizindən çoxunu Rusiyadan idxal edir, qalanı isə İran, Rumıniya, Malta və Türkiyədən gəlir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş almamağı tapşırıb.

Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarına doğru başlayıb.1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

 2025-ci il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Paraflanan mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. 

ABŞ Prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Ana səhifəSiyasətAzərbaycandan Ermənistana ilk dəfə yanacaq göndərildi