Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.
Bu barədə sentyabrın 22-də Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2026-ci il saat 06.00-dək uzadılıb.
Qərarda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2026-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.
Bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2025-ci ilədək müddəti əhatə edirdi.
Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb.
Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.
Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.
Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.
Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirib.
İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib.
Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər quru sərhədlərinin bağlı qalmasının COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.
Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama vermir.