Yanvarın 15-də Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq yeni siyasi məhbus siyahısını dərc edib. Siyahıda 340 siyasi məhbusun adı yer alır.
Birliyin 2025-ci il oktyabrın 7-də təqdim etdiyi əvvəlki siyahıda 392 nəfərin adı var idi. İttifaqın açıqlamasında bildirilib ki, ötən müddət ərzində əfv sərəncamları və cəza müddətlərinin başa çatması nəticəsində bir sıra şəxslər azadlığa buraxılıb.
“Noyabr ayında jurnalist Əziz Orucov və hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa buraxılıb. Həmçinin 2025-ci dekabrın 12-də Əlbəyi Kərimli karserdə həlak olub (rəsmi versiyaya görə – intihar). Daha sonra 15 dekabr tarixli Prezidentin əfv aktından sonra, 22 dekabrdan başlayaraq dünənədək cəza müddətinin bitməsinə 6 ayadək vaxt qalan və ağır olmayan (maksimum 3 ilədək) hökmlə məhkum edilmiş şəxslər azadlığa buraxılıblar. İmişli hadisələri üzrə 4 nəfər və 64 dindar azad edilib, lakin onlardan 12 nəfərin adı bizim siyahıda yox idi”, – deyə açıqlamada bildirilib.
İttifaq açıqlamasında vurğulayıb ki, eyni dövr ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiyanın fəalları Məmməd İbrahim, Vüqar Qədirli və Əlixan Rəcəbli, eləcə də bir sıra hüquq müdafiəçiləri, ictimai fəallar və dindarlar həbs olunub.
Yeni siyasi məhbus siyahısı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.
Siyahı 12 qrupa bölünüb:
- jurnalistlər və blogerlər – 31 nəfər
- hüquq müdafiəçiləri – 8 nəfər
- müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 45 nəfər
- milli azlıqların fəalları – 5 nəfər
- müharibə əleyhinə fəallar – 2 nəfər
- “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər
- Avropadan deportasiya edilmiş siyasi mühacirlər – 6 nəfər
- “İmişli işi” üzrə həbs olunanlar – 15 nəfər
- dindarlar – 192 nəfər
- “Tərtər işi” üzrə – 8 nəfər
- “Gəncə işi” üzrə – 13 nəfər
- ömürlük həbs cəzası alanlar – 12 nəfər
Müəlliflər bildiriblər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli qətnamədə müəyyən olunmuş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarları əsasında tərtib edilib.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların mövcudluğunu birmənalı şəkildə rədd edir. Rəsmi mövqeyə görə, heç kim fərqli düşüncəsinə və ya siyasi mövqeyinə görə həbs edilmir, saxlanılan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.