Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrinə nəzarət edəcək yeni qurum – Rəqəmsal İnkişaf Şurası yaradılır. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Şura dövlətin rəqəmsal inkişaf siyasətini əlaqələndirməli, bu sahədə icra olunan proqram və layihələrə nəzarət etməlidir. Həmçinin qurum normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq və dövlət orqanlarının fəaliyyətini uyğunlaşdıracaq.
Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyeva olacaq. Tərkibinə prezidentin köməkçiləri, əsas iqtisadi blok nazirləri, Mərkəzi Bankın sədri və Dövlət Neft Fondunun icraçı direktoru daxil edilib.
Şuranın Katibliyinin funksiyaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb. Qurumun yerli və xarici ekspertləri cəlb etmək, həmçinin müxtəlif istiqamətlər üzrə işçi qrupları yaratmaq səlahiyyəti olacaq.
Fərmana görə, Şura ildə bir dəfə fəaliyyəti barədə Prezidentə hesabat verməlidir.
Bu qərar Prezidentin fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirəsindən 16 gün sonra verilib. Həmin müşavirədə dövlət başçısı demişdi ki, “bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək”.
Ancaq bəzi ekspertlər xatırladır ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi məqsədini hələ təxminən 10 il əvvəl elan edib. Onların sözlərinə görə, bu müddət ərzində ölkə hələ də əsasən neft və qaz gəlirlərindən asılıdır. Ekspertlər “innovasiya əsaslı iqtisadi modelə keçid” barədə açıqlanan hədəflərin reallaşacağına şübhə ilə yanaşır və real struktur islahatlarının vacibliyini vurğulayırlar.