Azərbaycanda “Kərimə” dövləti qurmaqda ittiham olunan 13 nəfərə hökm oxunub

“Kərimə” dövləti qurmaqda ittiham olunanlar. Fotolar: Meydan TV

Həmin şəxslər “Qisas qrupu”nun üzvləri kimi təqdim olunur

Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişib, “Kərimə” dövləti qurmaqda ittiham olunan 13 nəfərə hökm oxunub.

Həmin şəxslər “Qisas qrupu”nun üzvləri kimi təqdim olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxslər 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

DTX-də istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə AR Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), 234.1-1, 274 (dövlətə xəyanət), 28 (cinayətə hazırlıq),277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd)  və 278.2-ci (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) madddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarına əsasən, İranda yaşayan, bu ölkənin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən Ruhulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə Azərbaycanda “Kərimə” dövləti yaratmaq məqsədilə müxtəlif adamları cəlb edib.  İttihama əsasən, Ruhulla Axundzadə və oğlu “Whatsapp”, “Telegram” və digər mesajlaşma sistemlərində qruplar yaradıb, orada müzakirələr aparıblar, müəyyən tapşırıqlar veriblər. Tapşırıqlar arasında Misir Mərdanov və Mirşahin Ağayevə sui-qəsd məqsədilə onların izlənməsi, iş yerləri, gedib-gəlmə vaxtlarının müəyyənləşdirilməsi, Yevlaxda dövlətə xəyanət ittihamıyla həbs olunmuş şəxsin evindən gizli şəkildə kompüterin götürülməsi, Bakıdakı hərbi hissələrdən birinin görüntülərinin çəkilməsi və s. hərəkətlərin olduğu iddia edilir.

Sui-qəsd üçün məhz Misir Mərdanov və Mirşahin Ağayevin seçilməsinə gəlincə, iddia olunur ki, sabiq təhsil naziri məktəblərdə hicabın qadağan olunmasına, İslam dini əleyhinə təbliğat aparılmasına görə hədəf seçilib. Mirşahin Ağayev isə efirdə “İmam Hüseynova bacıları” ifadəsini işlədib, “Əbülfəz ağa”nı təhqir edib. Buna görə onları cəzalandırmaq qərarına gəldikləri iddia edilir.

Həm Misir Mərdanov, həm də Mirşahin Ağayev zərərçəkmiş qismində tanınıb, istintaqda da dindiriliblər. Onlar bildiriblər ki, sui-qəsd hazırlanması barədə məlumatları olmayıb.

Ana səhifəSiyasətAzərbaycanda “Kərimə” dövləti qurmaqda ittiham olunan 13 nəfərə hökm oxunub