Azərbaycanda 30-a yaxın jurnalist Mətbuat Azadlığı Gününü həbsdə qeyd edir

Həbs edilən jurnalistlər. Foto: Meydan TV

“Sərhədsiz Reportyorlar” Təşkilatının nümayəndəsi deyir ki, Azərbaycan daxilində müstəqil media qalmayıb

Bu gün 3 May – Dünya Mətbuat Azadlığı Günüdür.

“Sərhədsiz Reportyorlar” Təşkilatının (RSF) ötən gün yayımladığı “Dünya Mətbuat Azadlığı İndeksi”nə görə, Azərbaycan mətbuat azadlığına görə 180 ölkə arasında ötən ildən 3 pillə geriləyərək 167-ci yerdə qərarlaşıb.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Cin Kavelyer deyib ki, Azərbaycan daxilində fəaliyyət göstərən müstəqil media orqanı qalmayıb.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 30-a yaxın jurnalist həbs edilib.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

“AbzasMedia”. Foto-kollaj: Meydan TV

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Hafiz Babalı həmçinin “Turan İnformasiya Agentliyi”nin əməkdaşı idi.

Bu iş üzrə 2024-cü il iyunun 1-də  “Azadlıq” radiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.

Jurnalistlərə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.

Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.

Hazırda iş baxılması üçün məhkəmədədir. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlərin məhkəmə prosesi davam edir.

“Kanal 13”  internet televiziyasının rəhbəri Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Onun evində və kanalın ofisində axtarış aparılıb.

Əziz Orucov. Foto: Meydan TV

“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 maddəsilə ittiham irəli sürülüb. Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb. Əziz Orucov Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə təqsirli bilinib. Əziz Orucov 2 il azadlıqdan məhrum edilib.

“Kanal 13”-ün daha bir əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunmuşdu. İstintaqın sonunda Əziz Orucovun işi yüngülləşdirilərək, yalnız torpaq məsələsilə bağlı ittihamla məhkəməyə göndərildi. Kanalın əməkdaşı Şamo Eminov isə azadlığa buraxılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

“Toplum TV”nin əməkdaşları Fərid İsmayılova, Elmir Abbasova, Müşfiq Cabbara və İDİ-nin rəhbəri, həmçinin ResPlatformanın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Kollaj: Toplum TV

2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Əvvəlcə onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.

Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov həmin gün – yanvarın 17-də həbs edilib.

2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.

Hazırda bu iş üzrə məhkəmə prosesi davam edir.

Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.

2024-cü il aprelin 18-də “Meclis.info” saytının rəhbəri İmran Əliyev həbs edildi. O, Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb.

İmran Əliyev: Foto: Fərqanə Novruzova

Öncə o, “AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Daha sonra onun işi “AbzasMedia” ilə bağlı cinayət işindən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.

İmran Əliyev beynəlxalq donor təşkilatlardan qrant kimi alınan vəsaitləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə ittiham olunur. Onun özü isə bu ittihamı rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən “meclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.

Bu il fevralın 28-də isə ictimai fəal Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb olunub. 

Elgiz Qəhrəman “meclis.info” saytının rəhbəri İmran Əliyevin işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Lakin istintaq dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

 İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı həbs ediliblər. Onlara qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

“Meydan TV işi”nə görə həbs olunanlar. Foto-kollaj: Meydan TV

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də həbs edilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs edilib. Ardınca fevralın 28-də jurnalist Fatimə Mövlamlı da “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Foto: Turan

2025-ci il fevralın 13-də ölkənin ilk müstəqil mediası hesab olunan “Turan” İnformasiya Agentiyi fəaliyyətini dayandırması barədə açıqlama yayıb.

Fevralın 20-də “BBC News” Azərbaycandakı ofisini bağlayıb. “BBC News” Azərbaycanca Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə “məcburi qərar” verdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, BBC-nin fəaliyyətinə xitam verilməsi “Media haqqında” qanunun 11.2 maddəsinə əsasən sonlandırılıb.

11.2-ci maddədə deyilir ki, ölkə ərazisində xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.

“Nümayəndəliyin bağlanması qərarının “BBC“ yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub. Oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib”, – Ayxan Hacızadə bildirib.

Fevralın 24-də isə “Amerikanın səsi” radiosunun müxbir akkreditasiyası ləğv edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə yerli mediaya məlumat verib.

Onun sözlərinə görə, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi də ləğv edilib.

XİN rəsmisi bildirib ki,  qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Bununla da ölkədə xeyli jurnalist işsiz qalıb.

Ana səhifəSiyasətAzərbaycanda 30-a yaxın jurnalist Mətbuat Azadlığı Gününü həbsdə qeyd edir