Azərbaycanda ət yenə bahalaşır: əsas artım Bakıda müşahidə olunur

Ət dükanı, leshiy985/shutterstock

Azərbaycanda dana ətinin qiymətində artım müşahidə olunur. Son həftələrdə bahalaşmanın ən çox paytaxt Bakıda hiss edildiyi bildirilir.

Paytaxt sakinlərinin sözlərinə görə, ötən ilin sonunda bazarlarda sümüklü dana ətinin bir kiloqramı əsasən 16 manat 50 qəpikdən satılırdısa, hazırda qiymət 17 manat 50 qəpikdən başlayaraq bəzi yerlərdə 18 manata qədər yüksəlib.

Regionlarda da ətin bahalaşdığı deyilir. Lakin yerli sakinlərin bildirdiyinə görə, qiymət artımı Bakıyla müqayisədə rayonlarda daha azdır.

Ət ticarəti ilə məşğul olanlar bahalaşmanı ölkədə iribuynuzlu heyvanların sayının azalması ilə əlaqələndirirlər. Fermerlər isə bildirirlər ki, vəziyyətə təsir edən amillər sırasında yem məhsullarının qiymətinin qalxması və mal-qara arasında yayılan xəstəliklər də var.

Məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verməyib.

Mütəxəssislərin fikrincə, Azərbaycanda ət məhsullarının bahalaşması artıq epizodik yox, davamlı proses xarakteri daşıyır. Onlar bunu son on ildə pambıqçılığın genişləndirilməsi ilə əlaqədar örüş sahələrinin azalması ilə izah edirlər.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, quş əti də daxil olmaqla ölkədə ət istehsalının həcmi dəyişməz qalıb. Komitə bildirir ki, son üç il ərzində iribuynuzlu mal-qaranın sayı 220 min baş azalıb və ötən il bu rəqəm 2 milyon 435 min baş olub.

Ana səhifəSosialAzərbaycanda ət yenə bahalaşır: əsas artım Bakıda müşahidə olunur