Azərbaycan vətəndaşlarına İran və İsrailə səfər etməmək çağırışı edilib, bəzi reyslər dayandırılıb

Foto: XİN

Azərbaycan hökuməti vətəndaşlara İran və İsrail istiqamətində səfərlərlə bağlı xəbərdarlıq edib, bəzi nəqliyyat reysləri dayandırılıb, bir aviareys isə geri qaytarılıb.

Xarici İşlər Nazirliyi bildirib ki, İranda təhlükəsizlik durumu pisləşib. Buna görə də Azərbaycan vətəndaşlarından İrana səfər etməmələri istənilir. Hazırda İranda olan azərbaycanlılara isə ölkəni tərk etmək tövsiyə olunur. Onlardan təhlükəsizlik qaydalarına əməl etmələri, izdihamlı yerlərdən uzaq durmaları və rəsmi məlumatları izləmələri xahiş edilib. Zərurət yaranarsa, vətəndaşlar Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Oxşar xəbərdarlıq İsraillə də bağlı verilib. İran ətrafında yaranmış gərginlik fonunda Azərbaycan vətəndaşlarından İsrailə səfər etməmələri istənilib. Hazırda İsraildə olan şəxslərə isə yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, kütləvi toplaşma yerlərindən uzaq durmaq tövsiyə olunur. Fövqəladə vəziyyət olarsa, Tel-Əvivdəki Azərbaycan səfirliyi ilə əlaqə saxlanması tövsiyə edilir.

Gərginlik nəqliyyata da təsir edib. İran ərazisindən keçməklə həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus reysləri müvəqqəti dayandırılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Fevralın 28-də Bakıdan Naxçıvana və Şərura, eləcə də Naxçıvandan və Şərurdan Bakıya planlaşdırılan bir neçə reys təxirə salınıb. Reyslərin nə vaxt bərpa ediləcəyi barədə hələlik məlumat verilməyib.

AYNA bildirir ki, yük maşınlarının İran–Azərbaycan sərhədindən keçməsində problem yoxdur, hərəkət davam edir.

Hava nəqliyyatında da dəyişiklik olub. Əbu-Dabi–Bakı marşrutu üzrə uçan ADY 730 nömrəli reys hava məkanının bağlanması səbəbilə geri qaytarılıb. Təyyarənin Əbu-Dabi Beynəlxalq Aeroportuna enəcəyi bildirilib. Qərarın uçuş təhlükəsizliyi nəzərə alınaraq pilot tərəfindən verildiyi açıqlanıb.

Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. AZAL-dan bildirilib ki, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.

Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər isə ştat rejimində həyata keçirilir.

Ana səhifəSosialAzərbaycan vətəndaşlarına İran və İsrailə səfər etməmək çağırışı edilib, bəzi reyslər dayandırılıb