XİN başçısı: ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2024-cü il iyulun 1-dən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.
Xarici işlər naziri bu barədə yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında danışıb.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb:
“Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır”.
XİN başçısı həmçinin deyib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2024-cü il iyulun 1-dən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil.
“Onların fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”, – nazir deyib.