Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN-nin avqustun 18-də yaydığı məlumata görə, səfirlə görüşdə son dövrlərdə Rusiyanın informasiya məkanında “Azərbaycan Respublikası, xalqı, ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla” bağlı ciddi narahatlıq, habelə qəti etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.
Nazirliyin açıqlamasında da bir gün əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bəhs edilən verilişlərin üzərində dayanılıb.
“Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, xalqına və rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”,– məlumatda deyilir.
Əlavə olunur ki, görüşdə Rusiyanın informasiya, media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz, təsirli tədbirlərin görülməsi barədə gözləntiləri bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
Hələlik, bu açıqlamaya Rusiyanın Azərbaycandakı Səfirliyi və bu ölkənin başqa cavabdeh qurumlarından münasibəti məlum deyil.
Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu üç Rusiya vətəndaşı – “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, media eksperti Semyon Uralov və jurnalist, Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində cinayət işi başlanıldığını açıqlayıb. Onlar beynəlxalq axtarışa verilib və barələrində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq həmin şəxsləri “Чистота понимания” verilişində Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də terrorçuluğa çağırışlarda şübhəli bilib. Azərbaycan tərəfi bu addımların Rusiya ilə münasibətlərdə gərginliyin artdığı bir vaxtda atıldığını bildirib.
Bakı-Moskva münasibətlərində gərginlik son iki ildə bir neçə istiqamətdə artıb. AZAL təyyarəsinin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğramasından sonra yaranan narazılığa 2025-ci ildə Rusiyada azərbaycanlıların saxlanılması və Yekaterinburqda iki azərbaycanlının polis əməliyyatı zamanı ölməsi əlavə olunub. Azərbaycan da buna cavab olaraq Bakıda Rusiyanın dövlət mediası “Sputnik Azərbaycan”ın ofisində çalışan Rusiya vətəndaşlarını saxlayıb. Azərbaycan Baş Prokurorluğu onların Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu və qanunsuz maliyyələşmə ilə bağlı araşdırma aparıldığını bildirib.
2025-ci ildən etibarən Rusiyada bəzi azərbaycanlı diaspor nümayəndələrinin vətəndaşlığının ləğv edilərək ölkədən deportasiya olunması da münasibətlərdə yeni gərginlik yaradıb. Sonuncu belə hadisə avqustun 17-də baş verib. Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.