Cari ilin yanvar-noyabr aylarında xaricdən ölkəyə 2,3 milyard dollar həcmində yeyinti məhsulları idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ümumilikdə ərzaq idxalına çəkilən xərc 6,5 faiz və ya 142,3 milyon dollar artıb.
Ən yüksək artım süd və qaymaq məhsullarında qeydə alınıb. Belə ki, 2022-ci ilin 11 ayında ölkəyə 15,7 min ton süd və qaymaq idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artım deməkdir. Bu məhsula çəkilən xərc isə 27,8 milyon dollar təşkil edib. Dəyər ifadəsində isə artım 22 faiz olub.
Kərə yağı idxalı isə 12,7 faiz azalıb. Lakin dəyər ifadəsində buna xərclənən vəsait 5,2 faiz artaraq 160 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, 2025-ci ildə kərə yağı xaricdən daha baha qiymətə alınıb.
Bundan əlavə, cari ilin yanvar–noyabr aylarında 1 milyon 131 min ton buğda idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xaricdən alınan buğdanın həcmi 1,3 faiz artıb.
Digər dənli bitkilərdən qarğıdalı və düyü idxalında kəskin azalma qeydə alınıb. Ölkəyə ötən illə müqayisədə təxminən 30 min ton az qarğıdalı gətirilib. Ümumilikdə qarğıdalı idxalı 44,8 faiz, düyü idxalı isə 17,5 faiz azalıb.
İdxalda ən yüksək artım diri heyvan göstəricilərində müşahidə olunur. Cari ilin 11 ayında 152 milyon dollar dəyərində diri heyvan idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artım deməkdir.
Ümumilikdə, Dövlət Statistika Komitəsinin xarici ticarətin 10 ayına dair bülletenində də göstərilir ki, diri heyvanların idxalı kəskin artır. Məsələn, ətlik məqsədilə xaricdən alınan diri iribuynuzlu heyvanların idxalı həm say, həm də dəyər baxımından iki dəfədən çox artıb. Belə ki, 2024-cü ildə xaricdən 42,9 min baş (38 milyon dollar dəyərində) ətlik diri heyvan gətirildiyi halda, 2025-ci ildə bu rəqəm 98,1 min başa yüksəlib. Buna çəkilən xərc isə 78,7 milyon dollar təşkil edib.
Yerli təsərrüfatlarda cins tərkibinin yenilənməsi məqsədilə idxal edilən cins düyə və inəklərin sayı 1 944-dən 5 467-yə yüksələrək 2,8 dəfə artıb.
Qoyunçuluq sektorunda da idxal asılılığının artdığı müşahidə olunur. Belə ki, diri qoyun idxalı 169 579 başdan 288 831 başa yüksəlib. Dəyər ifadəsində isə bu göstərici 16,6 milyon dollardan 31,4 milyon dollara çatıb.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov sosial media hesabında yazır ki, on ay ərzində ölkəyə 1,94 milyon dollar dəyərində 291,1 ton dondurulmuş qoyun əti idxal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 65 faiz çoxdur. Onun sözlərinə görə, idxalın əsas hissəsi – 244,66 tonu (979,55 min dollar dəyərində) Monqolustanın payına düşür. Bu il Somalidən də 46,5 ton (96,0 min dollar dəyərində) dondurulmuş qoyun əti gətirilib.