Azərbaycan məhkəməsi İsveçrədə yaşayan blogerə qiyabi olaraq həbs cəzası kəsib

Məhkəmə. Foto: Meydan TV

Xaricdə yaşayan daha bir bloger – Manaf Cəlilzadə barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi onun iştirakı olmadan başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi blogerə 8 il həbs cəzası verib.

Hökm hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda qiyabi elan olunub. Cəlilzadə “dövlət əleyhinə çağırışlar etməkdə” ittiham olunub.

İttihama görə, o, 2019-cu ildə Cenevrədə BMT binası yaxınlığında keçirilən aksiyada çəkilən görüntüləri “YouTube”da yayıb və 2023–2025-ci illər arasında hazırladığı videolarla “hakimiyyətə qarşı zorakılığa çağırışlar edib”. Ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaşlara çağırış) və 281.2 (dövlət quruluşuna qarşı çağırışlar) maddələri ilə ittiham irəli sürülüb.

Cəlilzadə hazırda İsveçrədə yaşadığı üçün barəsində bundan öncə qiyabi həbs qətimkan qərarı çıxarılmışdı.

İsveçrənin Federal Ədliyyə Nazirliyi Azərbaycanın onun ekstradisiyası ilə bağlı müraciətini rədd etmişdi. Nazirlik bildirmişdi ki, bloger Azərbaycana göndərilərsə, işgəncəyə məruz qala və ədalətli məhkəmə hüququ pozula bilər.

Manaf Cəlilzadə ittihamları qəbul etmir. O deyib ki, ona qarşı irəli sürülən suçlamalar əsassızdır.

Bloger uzun müddətdir İsveçrədə yaşayır və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən paylaşımlar edir.

Son illər Azərbaycanda xaricdə yaşayan bir sıra bloger və fəallara qarşı cinayət işləri açılıb, onlara qiyabi həbs və azadlıqdan məhrumetmə hökmləri çıxarılıb. Rəsmi ittihamlarda əsasən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama, kütləvi iğtişaşlara və zorakılığa çağırış, terrorçuluğa çağırış, silahlı qiyam və dələduzluq maddələri yer alır.

2025-ci il dekabrın 26-da Bakı məhkəməsində xaricdə yaşayan bir qrup blogerə hökm oxunub. Hökmə əsasən, Qurban Məmmədov və Tural Sadıqlı 14 il, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Elşad Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslərin əksəriyyəti ittihamları siyasi motivli sayaraq rədd edir.

Ana səhifəSiyasətAzərbaycan məhkəməsi İsveçrədə yaşayan blogerə qiyabi olaraq həbs cəzası kəsib