Azərbaycan İrana humanitar yardım göndərib

İran – Azərbaycan sərhədi, Foto: ondraphototravel

Azərbaycan İrana humanitar yardım göndərib. Yardım Astara sərhəd-keçid məntəqəsindən İrana yola salınıb.

Məlumata görə, yardım Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutan telefon danışığından sonra göndərilib. Bildirilir ki, yardım “İran xalqının hazırkı ehtiyaclarını qarşılamaq məqsədi ilə” yola salınıb.

Humanitar yük Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə daşınıb. Sərhəddə müvafiq prosedurlardan sonra yük İrana keçib.

Humanitar yardımın əsas hissəsini qida məhsulları təşkil edir. Ümumilikdə göndərilən yükün tərkibinə 30 tona yaxın ərzaq və digər ləvazimatların daxil olduğu bildirilir.

Yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan çox içməli su, təxminən 600 kiloqram çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Rəsmi məlumata görə, martın 5-də İran ərazisindən Naxçıvana dron hücumları baş verib, 4 nəfər xəsarət alıb.

Azərbaycan tərəfi hücumun cavabsız qalmayacağını vurğulayıb. İranın bu hücumlara izahat verməsi tələb edilib. Rəsmi Tehrana nota verilib.

Baş verən hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Eyni zamanda, İran tərəfi, həm xarici işlər nazirinin müavini Kazem Qaribabadi, həm də Silahlı Qüvvələrin Baş Qərargahı hücumun İran tərəfindən həyata keçirilmədiyini, İsrail tərəfindən regionda gərginlik yaratmaq məqsədilə törədildiyini iddia edib.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün keçirilən Təhlükəsizlik Şurasının iclasında Naxçıvana qarşı edilən hücuma münasibət bildirib. Prezident çıxışında bu hücumu birbaşa “terror aktı” adlandırıb və Silahlı Qüvvələrə cavab tədbirləri həyata keçirilməsi ilə bağlı təlimat verildiyini bildirib.

Martın 8-də İran Prezidenti Məsud Pezeşkian İlham Əliyevə zəng edərək Naxçıvanın atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını bildirib və hadisənin araşdırılacağını deyib.

Martın 9-da İlham Əliyev İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə də təbrik məktubu ünvanlayaraq onu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Azərbaycan–İran münasibətlərinin qarşılıqlı hörmət və etimad əsasında inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Ana səhifəSiyasətAzərbaycan İrana humanitar yardım göndərib