Avropa Şurasının “SPACE II” son hesabatına görə, Avropa ölkələrində həbsə alternativ cəza tədbirlərindən istifadə genişlənir. Hesabatda bildirilir ki, hazırda qitədə probasiya nəzarətində və şərti azadlıqda olan şəxslərin sayı həbsxanalardakı məhbusların sayını ötüb.
Sənədə əsasən, Avropada təxminən 1,4 milyon nəfər probasiya və digər alternativ cəza tədbirləri çərçivəsində nəzarətdədir. Həbsxanalarda saxlanılan şəxslərin sayı isə 1,1 milyon nəfər təşkil edir.
Hesabat müəllifləri qeyd edir ki, ölkələr arasında cəza siyasətinə yanaşma fərqlidir. Bəzi dövlətlərdə məhkəmələr həbs cəzası əvəzinə alternativ tədbirlərdən daha çox istifadə edir, bəzi ölkələrdə isə azadlıqdan məhrum etmə cəzası geniş tətbiq olunur.
“SPACE II” hesabatında Azərbaycan həbsdə olan şəxslərin sayının yüksək olduğu ölkələr sırasında göstərilir.
Hesabata görə, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə ölkə Avropada yalnız Türkiyədən geri qalır. Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 458 nəfərdir.
Avropa üzrə median göstərici isə 110 məhbus təşkil edir. Bu isə Azərbaycandakı göstəricinin Avropa ortalamasından təxminən 2,5 dəfə yüksək olduğunu göstərir. Azərbaycanla yanaşı, Türkiyə, Moldova və Gürcüstan da məhbus sayının yüksək olduğu ölkələr sırasında yer alır.
Hesabatda həbsə alternativ tədbirlərdən istifadə ilə bağlı ölkələr arasında ciddi fərqlər olduğu göstərilir.
Belə ki, hər 100 min nəfərə düşən probasiya və şərti azadlıqda olan şəxslərin sayı Monteneqroda 16 nəfər, Azərbaycanda 136 nəfər, Polşada isə 652 nəfərdir.
Polşa bu göstəriciyə görə Avropada ən yüksək nəticələrdən birinə malikdir.
Hesabatda həbsxanaların doluluq səviyyəsi ilə bağlı məlumatlar da yer alır. Azərbaycanda hər 100 həbsxana yerinə 98 məhbus düşür. Hesabata görə, bu göstərici penitensiar sistemin yükünü qiymətləndirmək üçün əsas meyarlardan biridir.
Azərbaycan hakimiyyəti daha əvvəl cəza siyasətinin humanistləşdirilməsi istiqamətində addımlar atıb.
2017-ci ildə Prezident İlham Əliyev cəza siyasətinin humanistləşdirilməsi və həbsə alternativ tədbirlərin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sənəddə azadlıqdan məhrum etmə cəzasının tətbiq dairəsinin məhdudlaşdırılması, alternativ cəza mexanizmlərinin inkişaf etdirilməsi və penitensiar sistemdə islahatların aparılması nəzərdə tutulurdu.
“SPACE II” hesabatının nəticələri isə göstərir ki, Azərbaycan hələ də məhbus sayının yüksək olduğu Avropa ölkələri sırasında qalır.