Federasiya 2024-cü ili jurnalistlər üçün ən ölümcül illərdən biri kimi qiymətləndirib
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) 2024-cü ili əhatə edən hesabatını açıqlayıb.
Hesabatda bildirilir ki, Azərbaycan həbsdə olan jurnalistlərin sayının ən çox olduğu Avropa ölkələri beşliyinə daxildir.
Araşdırmaya əsasən, 2024-cü ildə dünyada ümumilikdə 516 jurnalist həbs olunub.
Əvvəlki illərlə müqayisədə kəskin artım qeydə alınıb – 2023-cü ildə 427, 2022-ci ildə 375 jurnalist həbs olunub.
Çin jurnalistlər üçün ən böyük həbsxana olaraq qalmaqdadır, burada 135 KİV işçisi barmaqlıqlar arxasındadır.
Daha sonra 59 fələstinli jurnalistlə İsrail və 44 mətbuat işçisi ilə Myanma gəlir.
Azərbaycanda hazırda 25 jurnalist həbsdədir, daha bir azərbaycanlı jurnalist – Əfqan Sadıqov Bakının sorğusu ilə Gürcüstanda həbs edilib.
Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Avropada Rusiya (38), Belarus (30), Ukrayna (28) və Türkiyə (20) ilə birlikdə ilk beş ölkə arasında yer alır.
Hesabatda həmçinin qeyd olunur ki, 2024-cü ildə dünyada 122 jurnalist və KİV işçisi öldürülüb, onlardan 14-ü qadınlardır.
Federasiya 2024-cü ili jurnalistlər üçün ən ölümcül illərdən biri kimi qiymətləndirib.
Hesabata əsasən, Yaxın Şərqdə və ərəb dünyasında 77 jurnalist öldürülüb. Afrikada 10, Amerikda 9 və Avropada 4 KİV işçisi öldürülüb.
IFJ BMT-nin Jurnalistlərin Müdafiəsi haqqında Beynəlxalq Konvensiyasının təcili qəbul edilməsi zərurətini təsdiq edib.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.