Azərbaycan Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb

Ermənistan-Azərbaycan. Foto: Yuriy Boyko_Ukraine/shutterstock

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib.

Onun sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

 “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

Prezident həmçinin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışında deyib ki, Azərbaycan ilə Ermənistan arasında sülh dövrü artıq başlayıb.

“Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.

Ana səhifəSiyasətAzərbaycan Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb