Azərbaycandan Ermənistana premiumla yanaşı “adi” benzin və dizel də tədarük olunacaq.
Bu barədə yanvarın 8-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycandan Ermənistana yanacağın çatdırılması artıq sensasiya deyil. Sensasiya ilk dəfə idi. İndi isə bu, ikinci, beşinci, on beşinci dəfə də ola bilər. Proses relslərə qoyulub və mexanizm əvvəlki kimi işləyir”, – o əlavə edib.
APA yanvarın 8-də Ermənistana hərəsindən 1000 ton olmaqla Aİ-92 markalı benzin və dizel tədarük olunacağını yazıb. Bundan əlavə, Ermənistana 1800 ton AI-95 markalı benzin də çatdırılacaq.
2025-ci il dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton Aİ-95 markalı benzin çatdırıb. Bu benzinin beynəlxalq bazar qiymətlərinə uyğun satıldığı bildirilib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş alınmamasını tapşırıb. Daha sonra, dekabrın 29-da Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin telefon danışığında tarif məsələsində razılıq əldə olunub. Lakin tranzit üçün hansı dəqiq tariflərin tətbiq ediləcəyi hələ rəsmi olaraq açıqlanmayıb.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətni paraflayıb. Paraflanan sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və qarşılıqlı iddiaların geri çəkilməsini nəzərdə tutur. ABŞ Prezidentinin iştirakı ilə görüşdə bəyannamə də imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradılacaq.