Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın ratifikasiyası ilə bağlı qanun layihəsi müzakirə olunub.
Məlumata görə, Azərbaycan Konvensiyaya xüsusi bəyanatla qoşulacaq. Bildirilib ki, Ermənistanla münasibətlər normallaşanadək Konvensiyanın müddəaları Ermənistanla münasibətlərə şamil edilməyəcək.
Qanun layihəsinin yaxın günlərdə parlamentin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.
2024-cü ildən etibarən Azərbaycan Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilib. Bu qərarın səbəbi kimi ölkənin insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib.
Azərbaycan hakimiyyəti buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb və həmin qərarın qəbulunda iştirak etmiş deputatların ölkəyə girişini məhdudlaşdırıb. Rəsmi şəxslər bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunacağı təqdirdə əməkdaşlıq yenidən mümkün ola bilər.
Prezident İlham Əliyev yanvarın 20-də Euronews telekanalına müsahibəsində deyib ki, Azərbaycan uzun müddətdir Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti ilə birbaşa əməkdaşlıq etmir. Onun sözlərinə görə, əlaqələr əsasən Avropa Komissiyası ilə davam etdirilir.