Azərbaycan AŞPA-ya nümayəndə göndərmədi: “Bu situasiya Əliyevə sərf edir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti. Foto: “Azərtac”

Səməd Seyidov: “AŞPA qeyri-obyektiv mövqeyini dəyişməli, etiraf bəyanatı yaymalıdır”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun bərpa olunması məsələsinə baxılmayacaq.

Bildirilir ki, Azərbaycan nümayəndə heyəti səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etməyib.

Azərbaycan 2024-cü ilin yanvar ayında AŞPA-da səsvermə hüququndan məhrum edilib.

Azərbaycanın Avropa Şurasında səsvermə hüququndan məhrum edilməsinin təşəbbüskarı, almaniyalı deputat Frank Şvabe də “X” sosial şəbəkəsində məsələyə münasibət bildirib.

“Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına prinsipial hörmətsizlik nümayiş etdirdiyinə görə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə malik ola bilməyəcəyini etiraf edir və Strasburqa akkreditasiya üçün nümayəndə heyəti göndərmir”, – deyə Şvabe vurğulayıb.

“İkili standartlar qalacaqsa, orada iştirak etməyəcəyik”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov “Arqument.az”a bildirib ki, Azərbaycan nümayəndə heyəti səsvermə hüququnun bərpa olunması ilə bağlı AŞPA-ya müraciət etməyib.

Deputat Səməd Seyidov
Source: Meydan TV

O bunu AŞPA-nın qeyri-obyektiv mövqeyi ilə əsaslandırıb:

“Biz konkret olaraq AŞPA-ya müraciət etmədik. Düşünürük ki, AŞPA qəbul edilmiş qeyri-obyektiv sənədlərlə bağlı mövqeyini dəyişməlidir. Onlar konkret olaraq Azərbaycana qarşı yanlış qərarları etiraf edən bəyanat yaymalıdırlar. Bundan sonra biz onlarla konstruktiv danışıqlara başlaya bilərik. Yoxsa onların kəskin, qeyri-obyektiv, ikili standartlı bəyanatları qalacaqsa, bizim, sadəcə, gedib orada iştirak etməyimiz reallığı əks etdirən bir məsələ deyil”.

Səməd Seyidov qeyd edib ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səs hüququnu dayandırması ilə bağlı qərarı qərəzli olub.

“AŞPA kimi bir təşkilat Azərbaycanın nəyinə lazımdır?”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova da AŞPA-nı tənqid edib.

Deputat “Oxu.az”a açıqlamasında deyib ki, Avropada və dünyadakı bəzi qərəzli, ədalətsiz təsisatlar kimi, Avropa Şurası və onun Parlament Assambleyası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı tarixi uğurlarını qəbul edə bilmir:

“Uzun illər ərzində AŞPA Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətləndi. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Ancaq biz Ermənistana qarşı hər hansı bir sanksiyanın şahidi olmadıq”.

“Belə olan halda AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Əlbəttə ki, heç nəyinə!”, – deputat vurğulayıb.

“İlham Əliyev insan hüquqları ilə bağlı mövzunu sevmir”

III Respublika Plaformasının hazırda AŞPA-nın qış sessiyasında iştirak edən üzvü Elman Fəttah Meydan TV-yə deyib ki, Azərbaycan nümayəndə heyətinin mandatının bərpa olunmayacağını öncədən bilib:

“Azərbaycan hakimiyyətinin AŞPA-ya nümayəndə göndərməməsi onunla bağlıdır ki, mandatın təsdiq olunmayacağından əmin olublar. Çünki mandatın məhdudlaşdırılmasından indiyə qədər, son bir il ərzində Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət həddindən artıq şiddətlənib, repressiyalar kütləvi xarakter alıb. Çox media qurumu, vətəndaş cəmiyyəti təmsilçiləri qanunsuz olaraq həbsə atılıblar. Bu repressiya dalğası hər gün bir az da şiddətlənərək davam edir. Belə bir şəraitdə AŞPA-nın Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etməsi gözlənilən deyildi. Bunu da bildiyi üçün Azərbaycan tərəfi nümayəndə heyəti göndərməyib”.

“Azərbaycan son zamanlar intensivləşən sanksiya çağırışlarından yayına bilir”

Mandatın bərpa olunmamasının Azərbaycan üçün yarada biləcəyi problemlərə gəlincə, Elman Fəttah deyir ki, indiki situasiya hələ ki İlham Əliyevə sərf edir:

Elman Fəttah
Foto: Elman Fəttahın şəxsi arxivindən

“Bunun nələrə səbəb olacağı ilkin olaraq hələ ki aydın görünmür. Çünki hazırda Avropa Şurasında da çaşqınlıq yaranıb və bu, ilk hadisədir. Həm də Azərbaycanla bağlı 46-cı maddə ortaya çıxıb. Yəni Azərbaycanla bağlı ilklər baş verir. Digər tərəfdən də nümayəndə heyəti göndərmədiyi üçün Azərbaycanla bağlı məsələ müzakirə oluna bilmir. Təmsilçi olmadığı üçün Azərbaycanla bağlı tədbirlər təşkil olunmur, mövzular seçilmir. Ona görə də belə bir çaşqınlıq yaranıb. Eyni zamanda da, Azərbaycan Avropa Şurasının üzvü olaraq qalır. Mənə elə gəlir ki, bu situasiya İlham Əliyevə sərf edir. Çünki bir yandan nümayəndə göndərmədiyi üçün AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə olunmur, digər tərəfdən Avropa Şurasında qalmaqla son zamanlar intensivləşən sanksiya çağırışlarından da yayına bilir”.

“İndiyə qədər Avropa Şurası üzvü olan ölkəyə Qərb institutları tərəfindən sanksiya qoyulmayıb. Azərbaycan da Avropa Şurası üzvü olduqca sanksiyaların tətbiq olunması ehtimalı azdır. İlham Əliyev məhz bu situasiyadan yararlanmağa çalışır. Bir yandan nümayəndə göndərib müzakirə olunmaq istəmir, çünki müzakirə insan hüquqları ilə bağlı olacaq deyə İlham Əliyev bu mövzunu sevmir. Digər tərəfdən də Avropa Şurası üzvlüyündə qalmaqla sanksiyalardan yayına bilir. Yəni belə bir çaşqınlıq ortaya çıxıb”.

Azərbaycanın AŞPA-da səsvermə hüququ nə vaxt məhdudlaşdırılıb?

Ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Ana səhifəSiyasətAzərbaycan AŞPA-ya nümayəndə göndərmədi: “Bu situasiya Əliyevə sərf edir”