Azərbaycan 2025-ci ili həbslərlə, respessiyya və sərtləşmənin hökm sürməsi ilə başa vurur.
2025-ci ildə Azərbaycan, beynəlxalq təşkilatların siyahılarında bütün sahələr üzrə geriləyərək, sonuncu sıralardakı yerini möhkəmlətdi.
İkinci Qarabağ müharibəsi zamanı İlham Əliyev yunan mifologiyasında təhdid mənasına gələn “Domokl qılıncı” ifadəsinin həqiqi formasını, “dəmir yumruğ”u icad etdi.
Daha sonra Azərbaycan xalqı İlham Əliyevin tez-tez istifadə etdiyi “dəmir yumruq” ilə daha yaxından tanış oldu. Hansı ki, o yumruq, dəfələrlə jurnalistlər, siyasətçilər, hüquqşünas və hüquq müdafiəçilərinin başına endirildi.
Müharibədən sonrakı dövrdə artan güc, İlham Əliyevin müstəqil mediaya, müxalifətə və onsuz da sıradan çıxmış vətəndaş cəmiyyətinə yönəltdi. Bu repressiya dalğasında diqqət əsasən jurnalistlərə, fəallara və siyasətçilərə yönəldi.
Lakin 2025-ci ilin başqa bir qaranlıq reallığı var ki, demək olar, ictimai müzakirələrdən kənarda qaldı: sülh şəraitində, döyüş meydanından uzaqda həyatını itirən hərbi qulluqçular. Dövlətin “dəmir yumruq” ritorikası fonunda, ordunun daxilində baş verən ölümlər…
Xəzər hərbi tədqiqatlar institutunun 2025-ci ilin yekununa aid hazırladığı hesabatda bu il ərzində həyatını itirən hərbi qulluqçuların sayının 42 olduğu bildirilir.
Diqqəti çəkən məqam ondadır ki, öncəki illərlə müqayisədə bu il ölən hərbi qulluqçuların hamısı qeyri-döyüş şəraitində həyatlarını itiriblər.
Ölən hərbi qulluqçulardan 7 nəfəri qəza nəticəsində, 12 nəfər müxtəlif növ xəstəliklər, 7 nəfər bədbəxt hadisə, 2 nəfər mina nəticəsində həyatını itirib. 10 nəfər hərbi qulluqçunun intihar etdiyi, 2 nəfərin isə qeyri-qanuni münasibətlər nəticəsində həyatını itirdiyi bildirilir.
İntihar və xəstəlik nəticəsində həyatını itirən hərbi qulluqçuların sayı, ötən ilki göstəricilər ilə eyni qalıb.
Bəs görəsən orduda bu qədər intihar halları niyə yaşanır? Bu hallar yetərincə araşdırılır yoxsa, dövlət qurumları bu halların araşdırılmasında maraqlı deyil?
Xəzər Hərbi Tədqiqatlar institutunun rəhbəri Cəsur Sümərinli Meydan TV-yə verdiyi açıqlamada bildirir ki, əsas problemlərdən biri, orduda baş verən halların araşdırılması üçün informasiyaların açıqlanmamasıdır.