Bu gün, iyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasətçi Azər Qasımlının işi üzrə ilk məhkəmə prosesi keçirilib, lakin bununla bağlı nə ailəsinə, nə də vəkillərinə məlumat verilməyib.
Həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə bildirib ki, hadisədən saytlarda yayılan məlumatlardan sonra xəbər tutub:
“İyunun 23-dək Azər Qasımlının məhkəməsi başlamalı idi. Bu gün səhər vəkili Rövşanə Rəhimlidən xahiş etdim ki, məhkəmənin gününü öyrənsin. Vəkil zəng edəndə ona deyiblər ki, prokururluq işi hələ məhkəməyə göndərməyib. Bu gün həm də Azərin evə zəng etmək günü idi. Ondan zəng gəlmədi, narahat oldum. Sonradan saytlarda oxudum ki, məhkəməsi keçirilib. Amma bununla bağlı nə vəkillərinə, nə də ailəsinə məlumat verilməyib. Xəbər saytlarda yayımlanandan sonra vəkilə zəng edib, bildiriblər ki, məhkəmə iyunun 25-nə təxirə salınıb”.
Samirə Qasımlı məhkəmənin keçirilməsi ilə bağlı onlara niyə məlumat verilmədiyini araşdıracaqlarını bildirib:
“Bizə də maraqlıdır ki, görəsən, nəyə görə belə tələsik və gizli şəkildə məhkəmə keçirilib? Niyə bizə xəbər etməyiblər? Azərə nə deyiblər? Məhkəmədə nə baş verib? Azərlə sabah əlaqə saxlayacağam, bundan sonra məsələdən agah olacağıq”.
Hökümətyönlü media yazır ki, iyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə kimi təxirə salınıb.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
O, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Vəkili Aqil Layıc isə bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var və iddai absurddur.
Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirib.