Qərar Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə verilib
Bu gün, aprelin 3-də Yasamal rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmə AzərQasımlının həbs qətimkan tədbirinin 2 ay müddətinə uzadılması barədə qərar verib.
Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.
Bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi.
O, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkili Aqil Layıc bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.
Vəkilin sözlərinə görə, belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.
Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.
Bundan əvvəl də Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub.
O, Bakı Şəhər Baş Polis İdarəsində “meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin işi üzrə istintaqda dindirilib.