ABŞ-da yaşayan azərbaycanlı evli gey cütlük bildirir ki, Donald Tramp administrasiyası onlardan birini Corciya ştatındakı immiqrasiya saxlanma mərkəzində həbsdə saxlayır, halbuki hər iki şəxs ölkəni dərhal tərk etməyə razıdır.
The Advocate nəşrinə danışan 30 yaşlı A.B. deyir ki, o və həyat yoldaşı artıq Azərbaycana qayıtmaq qərarına gəliblər. Lakin 40 yaşlı A.B. yanvarın 14-dən bəri Corciya ştatındakı “Stewart Detention Center”də saxlanılır.
D.A. bildirir ki, onlar hakim qərarını gözləyirlər ki, o, könüllü şəkildə ölkəni tərk edə bilsin.
“A.B.-nin Azərbaycana könüllü qayıdışı ilə bağlı hakim qərarını gözləyirik. Hətta könüllü çıxış prosesi belə çox uzundur”,– deyə o qeyd edib.
Həbs şəraiti fiziki və psixoloji sağlamlığa təsir edir
D.A. həyat yoldaşının artıq bir aydan çoxdur saxlanıldığını və şəraitin onun fiziki və psixoloji sağlamlığına ciddi təsir etdiyini deyir:
“25 funt (≈11 kq) arıqlayıb. Orada yemək yeyə bilmir. Psixoloji vəziyyəti yaxşı deyil, çox çətinlik çəkir”.
“Ərim içəridədir, mən çöldə. Amma eyni hissləri, eyni gərginliyi yaşayıram”, – deyə o, əlavə edir.
Cütlüyün yaşadığı Şimali Karolina ştatında immiqrasiya qeydiyyatı zamanı saxlanılıb və daha sonra ölkənin ən böyük immiqrasiya həbs mərkəzlərindən birinə köçürülüb.
Cütlük ötən ilin noyabrında Şarlott şəhərində evlənib. Onlar qarşılarında iki seçim olduğunu bildirir: aylarla məhkəmə prosesini gözləmək və A.B.-nin həbsdə qalmasına razı olmaq, ya da evliliklərinin tanınmadığı və LGBTQ+ icmasının ayrı-seçkilik və polis təzyiqi ilə üzləşdiyi Azərbaycana qayıtmaq.
O, deyir ki, həyat yoldaşının sağlamlığı ABŞ-də qalmaqdan üstün olub:
“Onun psixi sağlamlığı mənim üçün çox vacibdir. Beş-altı ay içəridə qalmağını istəmirik. Ona görə də bu həbs müddətini mümkün qədər qısaltmağa çalışırıq.”
Cütlük hazırda hakim qərarını və ICE-in (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) onun könüllü çıxışını təşkil etməsini gözləyir.