Hüquq müdafiəçiləri daha 26 məhbusu siyahıya salıblar
Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 357 nəfərin adı daxil edilib.
Bu, qurumun 2024-cü il dekabrın 12-də təqdim etdiyi siyahı ilə müqayisədə 26 nəfər çoxdur.
Onlar arasında jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı və İmişlidə iğtişaşlar zamanı həbs edilmiş 13 nəfər və digərləri var.
Yeni siyahı 12 qrupdan ibarətdir:
-jurnalistlər və blogerlər – 27 nəfər;
-hüquq müdafiəçiləri – 4 nəfər;
-müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər;
-milli azlıqların fəalları – 4 nəfər;
-müharibə əleyhinə fəallar – 2 nəfər;
– “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər;
– Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər – 5 nəfər;
– dindarlar – 235 nəfər;
-“Tərtər işi” üzrə məhkumlar – 8 nəfər;
-“Gəncə işi” üzrə məhkumlar – 13 nəfər;
– ömürlük həbs cəzası alanlar – 11 nəfər.
-“İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər,
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbuslar Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.
Müəlliflər bildirirlər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edilib.
2024-cü il dekabrın 6-da Meydan TV-nin jurnalistləri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Dekabrın 8-də jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Jurnalistlərin vəkilləri məhkəmənin bu qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti veriblər. Məhkəmə onlar barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Meydan TV və saxlanılan jurnalistlər ittihamları rədd edirlər. Onlar məhz jurnalist fəaliyyətinə görə həbs olunduqlarını, peşə fəaliyyətlərilə bağlı təzyiqlə üzləşdiklərini deyirlər.
2025-ci fevralın 5-də Meydan TV-nin daha bir əməkdaşı, həmçinin də “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Meydan TV Azərbaycan hakimiyyətinin qanunsuzluqlarını, korrupsiya faktlarını işıqlandıran müstəqil media orqanıdır.
Bu səbəbdən həm ölkədəki insan hüquqları fəalları, həm də beynəlxalq təşkilatlar bu repressiyaların Azərbaycan hakimiyyətinin sifarişi ilə həyata keçirildiyini bəyan ediblər.
Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bildirir.
Meydan TV 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.
2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub.