Aysel Umudovanın şikayəti təmin olunmayıb

Aysel Umudova

Jurnalist ona qarşı irəli sürülmüş ittihamın tamamilə əsassız olduğunu deyib

Meydan TV-nin əməkdaşı Aysel Umudovanın istintaq dövründə həbsdə saxlanması barədə Xətai Rayon Məhkəməsinin dekabrın 8-də çıxardığı qərardan apelyasiya şikayəti verilmişdi.

Şikayətə dekabrın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyilə baxılıb. Qapalı keçirilən məhkəmə prosesində Aysel Umudova da iştirak edib. Jurnalist bildirib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı tamamilə əsassızdır. Aysel Umudovanın sözlərinə görə, onu və digər həmkarlarını sırf jurnalist fəaliyyətlərinə görə cəzalandırırlar.

Aysel Umudovanın vəkili Aqil Layıc hüquqlarını müdafiə etdiyi şəxs haqqında 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə Xətai Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv olunmasını istəyib. Vəkil bildirib ki, Aysel Umudovanın həbsdə saxlanmasına zərurət yoxdur.

Müstəntiq isə apelyasiya şikayətinə etiraz edib, həbs qərarının qüvvədə saxlanmasını xahiş edib. O deyib ki, azadlıqda qalarsa, istintaqdan yayınar, prosesin gedişinə təsir göstərər və s.

Hakim də qərarı dəyişməyib.

Məhkəmədən sonra Aqil Layıc jurnalistlərə açıqlamasında bildirib ki, Aysel Umudovanın ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunacaq. Vəkilin sözlərinə görə, apelyasiya məhkəməsində də bu barədə vəsatət verilib. Lakin nəzərə alınmayıb:

“Bildirdik ki, Aysel Umudova həbsdə saxlanmadan, barəsində alternativ növ qətimkan tədbiri seçilməklə istintaq davam etdirilə bilər. Vacib deyil ki, həbsdə qalsın. Məsələn, ev dustaqlığında ola-ola istintaq davam edə bilər. Təəssüf ki, nəzərə alınmadı”.

Vəkil Aysel Umudovanın səhhətindəki problemlərə toxunaraq bildirib ki, bir neçə dəfə vəziyyəti pisləşsə də, dekabrın 12-də məhkəmədə durumu normal olub:

“Bir neçə dəfə panik ataklar olub. Hətta dekabrın 6-da istintaq vaxtı Bakı Şəhər Baş Polis İdarəsinə təcili yardım çağırılıb. İstintaq təcridxanasında da olub. Məhkəmədə yaxşı idi. Dostlara salam göndərdi. Möhkəmdir…”

Meydan TV-nin 6 əməkdaşı – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi və Meydan TV ilə heç bir əlaqəsi olmayan Ülvi Tahirov dekabrın 6-da saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb. Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir,

Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Son 13 ay ərzində Azərbaycanda 25-ə yaxın jurnalist həbs olunub.

Ana səhifəMeydan TV işiAysel Umudovanın şikayəti təmin olunmayıb