Aynur Elgünəşin filmi daha bir beynəlxalq mükafata layiq görülüb

Aynur Elgunash, Illustration: Meydan TV

Meydan TV-nin hazırda həbsdə olan baş redaktoru Aynur Elgünəşin “Çinar ağacının kölgəsində” adlı qısametrajlı sənədli filmi daha bir mükafata layiq görülüb.

Film bu dəfə Braziliyanın San-Paulo şəhərində keçirilən 18-ci “Entretodos” Film Festivalında ən yaxşı filmlərdən biri kimi seçilib.

Festival insan hüquqları, vətəndaşlıq və sosial ədalət mövzularını işıqlandıran filmləri qiymətləndirir. “Çinar ağacının kölgəsində” filmi də məhz bu mövzuları əks etdirir.

Aynur Elgünəşin ekran işi jurnalistin şəxsi həyatından qaynaqlanır. Filmdə o, yeniyetmə yaşlarında köçkün düşdüyü Ağdama 28 il sonra jurnalist kimi qayıdır və uşaqlığının izlərini, dağıdılmış evlərin və küçələrin arasında itmiş xatirələrini axtarır.

Jurnalist Aynur Elgünəş 2024-cü il dekabrında “Meydan TV işi” çərçivəsində həbs olunub.

2024-cü ilin dekabrından bu yana bu iş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb.

Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2 (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb və indi onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması kimi maddələrlə ittiham olunurlar.

Jurnalistlər bütün ittihamları rədd edir və onların siyasi sifarişlə, peşə fəaliyyətinə görə hədəf alındıqlarını bildirirlər.

On səkkiz dəqiqəlik hibrid sənədli filmin prodüsseri – jurnalist və rejissor Durna Səfərova, operator və montaj üzrə müəllifi isə Mətləb Muxtarovdur.

Bundan öncə film Praqada keçirilən “Press Play Prague” beynəlxalq film festivalında mükafata layiq görülmüşdü.

Ana səhifəMeydan TV işiAynur Elgünəşin filmi daha bir beynəlxalq mükafata layiq görülüb