“Axı biz insanıq…”

Kim istəyər uçuruma getsin?

Source:



Kim istəyər uçuruma getsin?

“Oğlum Vahid Balaca oğlu Əliyev 1993-cü ildə itkin düşüb. Döyüşə girib ondan sonrası haqda məlumatımız yoxdu. Cəbraylın Sirik kəndindəki döyüşdə olub. Onunla bərabər daha 2 nəfər əsgərimiz döyüşüb. O, 2 nəfərin öldüyü təsdiqləndi. Yəni ölüləri tapıldı, ancaq oğlumdan xəbər çıxmadı. Bizə də ermənilər tərəfdən xəbər gəldi ki, Vahid sağdı, ancaq iki yerdən yaralıdı. Stepanakertdə hospitalda yatır. O vaxtı getdik, erməni komandirlə əlaqə yaratdıq. Onlar bizə şərt qoydu ki, – bizimkilər Surik adlı br çobanı heyvanlarla bərabər aparmışdı – onu tapıb versək, oğlumu sağ qaytaracaqlar. Biz də Güləbirtli Vaqif vardı onun yanına getdik. O da dedi ki, biz çobanı öldürüb basdırmışıq. O da elə yerdədir ki, neytral zonadı. Nə biz girə bilərik, nə də ermənilər. Biz də kor-peşman geri qayıtdıq. Sonra da Cəbrayıl işğal olundu. Ara qarışdı, qaçhaqaç düşdü, heç bir əlaqə yarada bilmədik” – deyir V.Əliyevin atası Balaca Əliyev.

Dörd övladı olub. Ən böyükləri də Vahid imiş. Atası Vahidin mülayim xasiyyətli, həlim insan olduğunu söylədi. Hərbi xidmətini Rusiyada başa vuran Vahid Qarabağ münaqişəsi başlayınca könüllü olaraq ordu sıralarına yazılıb. Anası 6 il öncə dünyasını dəyişib. Atası həyat yoldaşının oğlundan sonra ürək xəstliyi tapdığını deyir:

“Köçkün düşəndən sonra vaqonda qaldıq, sonra Hacıqabula gəldik. Gördük orda da yaşamaq mümkün deyil, gəldik bu gördüyünüz yerə. Arxa otaq DSP zavodu deyilən yer vardı, onundu. Uçuq-sökük yerdi. Güclə düzəldib içinə girdik. Yoldaşım da çox getdi-gəldi oğluma görə. Heç yerdən xəbər çıxmadı. Sonra da rəhmtə getdi. Bizə də dövlət nə ev verdi, nə də bu tikilini düzəltməyə material”.

B.Əliyev oğlu ilə Dövlət Komissiyasından gəlib maraqlandıqlarını bildirdi. Bu da son 3-4 il ərzində olub.

“Bütün yaxın qohumlar haqda məlumatları toplayıblar. Elmira xanımla müavini Yaqut xanım gəlib. Qızıl Aypara Cəmiyyətinə də getmişik. Onlar da bizim haqqımızda məlumatları götürüblər. Bu 3-4 ildə il ərzində bir dəfə gəlib gediblər. Vəssalam” – söylədi B.Əliyev


İtkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4015 nəfərdir

Bu günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşən şəxslərlə bağlı məsələ müzakirə olunub. Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun məlumatına görə, 1 avqust 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4015 nəfərdir. Onlardan 3256 nəfər hərbçi, 757 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq, 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4015 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Münaqişə müddətində 1409 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 341 nəfər qadın, 1069 nəfər kişidir. Eyni zamanda 204 nəfər uşaq (72 nəfər azyaşlı qız), 287 nəfər yaşlı  şəxsdir (110 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olan materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynli isə bildirdi ki, məsələyə regional yanaşma var:

“Təkcə Azərbaycandan söhbət getmir. 2008-ci ildən BQXK-i Dövlət Komissiyası ilə çərçivə müqaviləsi imzalayıb. Müqavilə nəticəsində qeydiyyatda olan bütün itkin düşmüş vətəndaşların ailələrindən itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanması proqramı olub. Bu, Dövlət Komissiyası, BQXK və Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin könüllüləri ilə birlikdə həyata keçirilib. Bu proqram digər tərəfdə də gerçəkləşdirilib. Toplanılan məlumatlar xüsusi data bazada yığılıb. Dövlət Komissiyası da həmin data baza ilə təmin olunub. Proses hazırda da davam edir. Bu məlumatlar gələcəkdə kiminsə şəxsiyyətinin identifikasiyası üçün istifadə olunacaq. Eksqumasiyalar olarsa, tapılan insan qalıqları həmin o data bazayla uyğunlaşdırıla bilər”.


“Ciddi yenilik yoxdur”

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Qarabağ savaşının başlanmasından və atəşkəs sazişinin imzalanmasından çox müddət keçməsinə baxmayaraq, bu gün də doğmalarının sorağı ilə müxtəlif ünvanlara üz tutanların sayı kifayət qədərdir:

“Mənim şəxsi düşüncəmə görə, itkin düşmüş vətəndaşlarımızın onların taleyinə çoxdan aydınlıq gətirilməli idi. Özü də bu, təkcə münaqişə vəziyyətində olan iki dövlətin deyil, eyni zamanda guya sülhyaratma missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu tərəfindən ən azından işlərin çoxu görülməli idi. Mən başa düşürəm ki, indi bizim bu fikirlərimizə həmin adı çəkilən qurum etiraz edə bilər ki, onların mandatına tamam başqa şeylər daxildir. Amma onların heç bir sahədə uğurları olmadığı kimi, bu itkin və girov düşmüşlər, əsirlərlə də bağlı işlərdə də faydalı iş əmsalları demək olar ki, sıfıra bərabərdir”.

Vaxtilə əsir və girovların qaytarılması işi ilə məşğul olan beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəsi olmuş konfliktoloq Əvəz Həsənovun fikrincə, prezidentlərin məhz əsir və girovların axtarılması işinin tezləşdirilməsi və sistemləşdirilməsində razılığa gəlməsində ciddi bir yenilik yoxdur:

“Bu barədə bir neçə dəfə hər iki prezidentin keçirdiyi görüşlər zamanı humanitar problemlərin həll olunmasına eyham vurulmuşdu. Lakin qərara gəliblərsə, irəliləyişin olacağına inanmaq olar. Ona görə ki, artıq 15 ilə yaxındır münaqişə tərəflərinin Əsir və Girovlarla İşləyən Dövlət Komissiyası kifayət qədər faktlar toplaya bilib və öz baza məlumatlarına malikdirlər. Onların arasında bu məsələdə əməkdaşlıq iradəsi olacaqsa, çox qısa müddətdə axtarışlara başlaya bilərlər. Tərəflərin işi irəliyə aparmaq üçün potensialları mövcuddur. Xüsusən də nəzərə alsaq ki, uzun illərdir tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə itkin düşmüş şəxslərin qohumları ilə iş aparırlar və onların bazasını formalaşdırırlar, bu, ümumi işə xeyir verəcəkdir”.


“Əgər sağ olsaydı…”

“Mənim qardaşım Səfəralı Allahverdi oğlu Səfərov müharibədə itkin düşüb. 1973-cü ildə anadan olub. İtkin düşəndə 18 yaşı vardı. Onu çox axtara bilmədik. Özümüz də Ermənistanın Qafan rayonundanıq. Qaçqın düşdükdən sonra heç imkanımız da olmadı. Ancaq hər bir ana, hər bir bacı istəyər ki, əzizindən bir xəbər alsın. İstəyir bir qolu olmasın, istəyir bir ayağı, ya gözləri, təki quruca nəfəsi üstündə olsun. Xəbəri gəlsin. Anam da onun üstündə yataq xəstəsi olub. Kim olur-olsun, ya erməni, ya rus, ya yəhudi, əsirlər, girovlar evlərinə geri qayıtsın” – deyir Gülçöhrə Abdullayeva.

Hazırda Bakının Sabunçu rayonunda yaşayan G.Abdullayeva qardaşı itkin düşdükdən sonra ailə üzvlərinin onun yoxluu ilə heç cür barışa bilmədiklərini söyləyir. Onun fikrincə, qardaşı sağ olsaydı, mütləq öz ailəsinə hər hansı bir yolla xəbər yollayardı. Məlumat mübadiləsinə isə ümid işığı kimi baxır.

Hərbi ekspert Ü.Cəfərov deyir ki, bir neçə ay bundan öncə öz doğma ocaqlarına ziyarətə getmiş vətəndaşlarımızı girovluqdan azad edə bilmiriksə, 20 il bundan əvvəl itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımızla bağlı hansısa ümidverici nəticə olacağına inanmır:

“Prezidentlərin Paris görüşündə də razılaşdırılmış işlər, sadəcə bir formal xarakter daşıyacaq və bir müddətdən sonra hər şey yenə əvvəlki məcrasına düşəcəkdir”.


“Axı biz insanıq…”

Digər ekspert Ə.Həsənovun sözlərinə görə, məsələyə ümidlə yanaşmaq olar:

“Ümumiyyətlə, Azərbaycan tərəfi bir az da intensiv işləyə bilsəydi, itkin düşmüş şəxslərin ailələri ilə normal təmaslar qurub, onların axtarışı üçün Ermənistanın analoji komissiyası ilə münasibətlər quraraq, çoxsaylı nəticələr əldə etmək olardı. Onların güclü maliyyə və kadr potensialı olduğuna əminəm. Amma siyasi manevrlər etmək, rsikli addımlar atmaq çox vacib idi. İndi isə vaxt əldən verilib. Əsir və girovların çoxu haqqında məlumatlar köhnəlib və ya onlar barəsində məlumatı olan insanlar dünyasını dəyişib, yaxud ölkədən çıxıb gediblər. Onların bildikləri faktlar da hamısı aradan çıxıb. Hesab edirəm ki, hökumət komissiyaların səlahiyyətlərini artırıb, qarşı tərəfin müvafiq strukturu ilə birgə onların axtarılmasına çalışılmalıdır”.

Artıq 20 ildir gözü yollarda olan G.Abdullayeva isə düşünür ki, itkinlər məsələsi çözülsə, anaların gözləri yollardan yığılar:

“Ermənistanda yaşayan analar ana deyillər? Kim istəyər uçuruma getsin. Hamının balası özünə əzizdi. İndi ölüm haqdı. Öldükdə belə yeri bilinir. Bizim itkinlərin heç nəyi yoxdu. Ömrün boyu gözün yollarda qalır… Axı biz insanıq…”

Ana səhifəXəbərlər“Axı biz insanıq…”