Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimli dekabrın 12-də saxlanıldığı 2 Saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində intihar edib.
AXCP-dən Meydan TV-yə bildirilib ki, Elbəyi Kərimli özünü həbsxananın tibbi məntəqəsində asıb. İntiharın səbəbi məlum deyil.
Ədliyyə Nazirliyindən bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Elbəyi Kərimli 2023-cü ilin avqustunda Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub.
“Heydər Əliyevin heykəlinin arxasına “Stalin” yazdığıma görə bu gün buradayam. Polis bölməsində dedilər ki, “ya narkotik, ya da silah – birini seçməlisən, yoxsa vətənə xəyanət ittihamı ilə içəri gedərsən. Hərbi obyektlərin şəkillərini telefonuna yükləyərik, ittiham verərik ki, hərbi sirri Ermənistana, İrana ötürdüyünə görə tutulmusan”. Eşitdiklərimdən boğazım qurudu. Dedilər ki, elə etmə ki, Qiyas kimi evindən 1 kilo çıxaraq…”, – Elbəyi Kərimli saxlanıldıqdan sonra bunu vəkilinə demişdi.
2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib.
Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Hazırda AXCP-nin 20-dən çox üzvü həbsdədir.
Partiyanın sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs olunublar.
Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.