AXCP üzvünün evində axtarış aparıldı, sonra saxlanıldı

Foto: AXCP-dən

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli Rayon Şöbəsinin üzvü Vüqar Qədirovun saxlanıldığı bildirilir.

Bu barədə Meydan TV-yə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.

Məlumata görə, bu gün Vüqar Qədirovun işlədiyi kafedə və evində mülki geyimli polislər tərəfindən axtarış aparılıb. 

Mülki geyimli şəxslər axtarışdan sonra Qədirovu naməlum istiqamətə aparıb.

Bundan öncə Rusiyameylli təbliğata etiraz etdiyi üçün Vüqar Qədirov Saleh Səmədov adlı şəxs tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmişdi.

Hazırda AXCP-nin partiya sədri də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Partiya bu həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Noyabrın 29-da partiyanın sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (DTX) tərəfindən saxlanılıblar və dekabrın 1-də barələrində həbs qətimkan tədbiri seçilib.

Hökümətyönlü media son baş verən hadisələrin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğunu bildirirlər. 

Ana səhifəSiyasətAXCP üzvünün evində axtarış aparıldı, sonra saxlanıldı