Sahib Məmmədzadə həbsini və hökmü siyasi sifariş sayır
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin sədri, 9 aydır ki, həbsdə olan Sahib Məmmədzadənin məhkəməsi yekunlaşıb.
Dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin hökmü ilə AXCP funksioneri 6 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl prokuror çıxış edib. O iddia edib ki, Sahib Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə irəli sürülmüş ittiham – saxlanılarkən onun cibindən 21 qram narkotik tapılması məhkəmə istintaqı zamanı sübut olunub. Prokuror AXCP fəalının 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Ondan sonra çıxış edən vəkil Zabil Qəhrəmanov isə bildirib ki, ittiham tamamilə əsassızdır və məhkəmədə də sübuta yetirilmədi. Vəkilin sözlərinə görə, polislər Sahib Məmmədzadəni martın 18-də saxlayarkən ona işgəncə veriblər. Bunu təsdiqləyən çoxsaylı faktlar var. Lakin prokurorluq işgəncə faktına hüquqi qiymət verməkdən imtina edib:
“Əgər ittiham tərəfinin iddia etdiyi kimi, doğrudan da, Sahib Məmmədzadənin üstündə narkotik vardısa, onu da satış məqsədilə daşıyırdısa, bəs niyə bu adamın evinə baxış keçirməyiblər? Bəlkə, elə evində də kilo ilə narkotik saxlayırdı? Gedib baxıb götürəydilər də… Deməli, bu adamlar özləri də bilirdilər ki, Sahib Məmmədzadənin evində narkotik ola bilməzdi. Sahib Məmmədzadə təkcə məhkəmədəki ifadəsində demir, istintaqdakı ifadəsində də işgəncələrə baxmayaraq, deyib ki, mənim narkotiklə heç vaxt əlaqəm olmayıb”.
Daha sonra çıxış edən Sahib Məmmədzadə keçirilən prosesi “məzhəkə” adlandırıb. O bildirib ki, bir neçə ay davam edən prosesdə onun təqsirsiz olduğu sübuta yetirilib. AXCP funksionerinin sözlərinə görə, əgər məzhəkə olmasaydı, onu azadlığa buraxardılar. Sahib Məmmədzadənin son sözündən sonra müşavirəyə gedən Mikayıl Məmmədzadə, Natiq Əliyev və Roman Ələkbərli az sonra geri qayıdaraq, cəbhəçi fəalın 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Vəkil hökmdən apelyasiya şikayəti verəcək.
Bacısı Tacirə Məmmədzadə Meydan TV-yə bildirib ki, Sahib Məmmədzadə başqa siyasi fəallar kimi şərlənərək həbs edilib. Onun sözlərinə görə, martın 18-də qardaşı ilə birlikdə mal-qaranı yaylağa aparanda yolda polislər Sahib Məmmədzadəni maşından düşürüb:
“Qardaşım ali təhsilli müəllimdir, amma mal-qara təsərrüfatıyla, çobanlıqla ailəsini dolandırırdı. Həmin gün də malları Bərdədən yaylağa – Xoşbulağa gətirirdik. Bizi Daşkəsən postunda saxladılar. Qardaşımı vəhşiliklə saxlamaqlarını, boğmalarını çəkirdim. Sanki terrorçu tuturdular. Gəldilər, telefonu mənim əlimdən aldılar. Kodu tələb edirdilər. Demirdim deyə, 3 nəfər də üstümə tökülüşüb məni vururdu. Əgər mənim qardaşımın üstündə narkotik vardısa, hər şey qanuni idisə, niyə çəkməyə qoymurdular?”
Nəinki Sahib Məmmədzadə, ümumiyyətlə, bütün nəsillərinin narkotikdən, pis vərdişlərdən uzaq olduğunu vurğulayan Tacirə Məmmədzadənin sözlərinə görə, qardaşı heç siqaret də çəkməyib. Onun fikrincə, qardaşının həbsinin səbəbi siyasi fəaliyyəti, o cümlədən Daşkəsəndəki problemləri, sakinlərin şikayətlərini ictimailəşdirməsidir:
“Ona xəbərdarlıq olunmuşdu, demişdilər ki, “elə eləmə, cibindən narkotik çıxsın”. Dediklərini elədilər. Siqaret çəkməyən adamı narkotiklə şərlədilər. Bizim nəslimizdə narkotik olmayıb. Biz ziyalı ailəyik, bizə dəftər-qələm təbliğ eləyiblər. Sadəcə, ayıbdır belə adamları narkotiklə şərləmək. Elə ona görə də qardaşıma nə qədər işgəncə versələr də, ona aid olmayan bir şeyi üzərinə götürməyib”.
AXCP-dən bildirilib ki, hazırda partiyanın 10 nəfərdən çox fəalı siyasi baxışlarına görə həbsdədir. Onlardan Sahib Məmmədzadə, Elnur Həsənov, Şahin Hacıyev, Elbəyi Kərimli və digərlərinin narkotiklə şərlənərək həbs olunduqları iddia edilir.
Daxili İşlər Nazirliyi isə bu iddiaları təkzib edir, onların konkret faktlar əsasında saxlandığını iddia edir.