O, 5 il azadlıqdan məhrum edilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyev 5 il azadlıqdan məhrum edilib.
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Mehman Əliyev bildirib ki, o, sifarişlə həbs edilib və irəli sürülən ittiham ibtidai istintaqda təsdiqini tapmayıb.
AXCP üzvünün həbsinin əsas səbəbinin polisin qanunsuz hərəkətlərini lentə alması olduğu bildirilir. Onun Şirvan şəhərində qohumu Əli İsayevin zorla polis tərəfindən saxlanılmasına dair videokadrları yaydıqdan sonra həbs edildiyi deyilir.
41 yaşlı Mehman Əliyevin telefonla çəkdiyi və sosial şəbəkələrdə yaydığı görüntülərdə Şirvan sakini Əli İsayev kəsici alətlə özünə xəsarət yetirərək, polislərin onu narkotiklə şərləməyə cəhd etdiyini deyir. Həmin görüntülərdə eyni zamanda, ətrafdakı mülki geyimli şəxslər özünə xəsarət yetirən şəxsi saxlamağa çalışır.
Bundan bir gün sonra həm özünə xəsarət yetirən 37 yaşlı Əli İsayev, həm də baş verənləri kənardan telefonla çəkmiş Mehman Əliyev həbs olunub. Onların hər ikisinə qarşı külli miqdarda narkotik ittihamı irəli sürülüb.
Mehman Əliyevin həbsindən sonra yayılan səs yazısından da məlum olur ki, hadisədən sonra Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı ondan videonu silməsini istəyib. Sözügedən səs yazısında Bəhruz adlı polis əməkdaşı Mehman Əliyevə zəng edərək, onunla görüşmək istədiyini bildirir. Mehman Əliyev ondan görüşün səbəbi və məqsədi haqda soruşsa da, qarşı tərəf konkret cavab vermir. Bir neçə dəfə israrla soruşandan sonra isə “Telefonundakı ilə bağlı görüşəcəyik, onların hamısını yoxa çıxaracaqsan”,- deyir.
Lakin Mehman Əliyev görüşməkdən də, videonu silməkdən də imtina edir.
Daxili İşlər Nazirliyi isə Mehman Əliyev və Əli İsayevin narkotiklə şərlənməsi barədə deyilənləri təkzib edib.
Mehman Əliyev ötən il sentyabrın 14-də ittihama etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında televiziya pultunun 3 ədəd batareyasını udaraq intihara cəhd etmişdi.