AXCP üzvü “polisin fotosunu çəkmək” iddiası ilə saxlanıldığını deyir

Həbs. Foto: Meydan TV

Tehran Abdullayevə ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılmayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Tehran Abdullayev həbs olunub.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.

Bunu cəbhəçi fəalın vəkili Nemət Kərimli də təsdiqləyib.

Vəkil oktyabrın 21-də Binəqədidə yerləşən inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada Tehran Abdullayevlə görüşüb.

O, vəkilinə deyib ki, oktyabrın 15-də tikinti materialları mağazasında saxlanılıb.

Həmin vaxt mağazaya gələn polis əməkdaşları iddia edib ki, o, polisin fotosunu çəkib.

Tehran Abdullayev bu iddianın yalan olduğunu deyir.

Hesab edir ki, həmin vaxt onu saxlamaq üçün uydurulmuş bəhanə kimi foto məsələsindən istifadə olunub.

“Mən hansısa polisin şəklini çəkməmişəm. Saxlanmamışdan əvvəl mağazada da polis olmayıb ki, onun şəklini çəkim”, – vəkilinə belə deyib.

Müdafiəçi əlavə edib ki, Tehran Abdullayevin yaxınları, üzvü olduğu partiya onun həbsindən bir neçə gün sonra xəbər tutub:

“Dediyinə görə, ona yaxınları ilə əlaqə saxlamağa, məlumat verməyə şərait yaradılmayıb”.

Rəsmi ittihamda isə AXCP üzvü İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə həbs olunub.

Nemət Kərimli Tehran Abdullayev haqqında həbs qərarından apelyasiya şikayəti verəcəyini deyib.

Ana səhifəXəbərlərAXCP üzvü “polisin fotosunu çəkmək” iddiası ilə saxlanıldığını deyir