Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Anar Ərkivan 30 sutka inzibati həbsə məhkum edilib.
Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib.
Məlumata görə, AXCP fəalı Anar Ərkivan yanvarın 30-da saat 12:00 radələrində Bakı şəhəri Sabunçu rayon ərazisində kirayədə yaşadığı evdən çıxarkən 5-6 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb və 13-cü polis bölməsinə aparılıb.
Daha sonra Sabunçu rayon Məhkəməsi onu İnzibatı Xətalar Məcəlləsinin 535.1 (Polis əməkdaşının qanuni tələbinə tabe olmama), 510 (Xırda xuliqanlıq) maddələri ilə ittiham edərək 30 sutka həbs edib.
AXCP bu ittihamları saxta hesab edir, Anar Ərkivanın şərlənərək həbs olunduğunu bildirir.
Məsələni rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Müxalifətdə olan AXCP-nin hazırda 20-dən çox fəalı həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.