Seymur Həzi: “Tədbirdə partiyanın proqramı qəbul olunacaq”
Dekabrın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VII (X) qurultayının davamı olacaq.
Bu barədə Meydan TV-yə AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.
Onun sözlərinə görə, tədbirdə partiyanın proqramı qəbul olunacaq:
“İyunun 24-də verilən qərarda biz proqramın qurultayın davamında qəbul olunacağını qeyd etmişdik. Məsələ ondadır ki, həmin gün təşkilati işləri başa çatdırdıq və qərar qəbul olundu ki, mandatlar qüvvəsində qalır, dekabrın 16-da işimizi bitirəcəyik”.
O, dekabrın 16-da keçirilən tədbirdə seçkiyə münasibətin də açıqlanacağını bildirib.
Partiyanın sonuncu qurultayı iyunun 24-də Maştağa Mədəniyyət Evində keçirilmişdi.
AXCP Azərbaycan Milli Azadlıq Hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisidir.
Partiya kimi 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.
Partiyanın sədri Əbülfəz Elçibəy 2000-ci ildə vəfat edib.
Elə həmin ildən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.