İnzibati həbsdə olan cəbhəçilərin sayı 7-yə çatdı
Aprelin 17-də paytaxtın Nəsimi rayonu ərazisində – Qış parkının yaxınlığında yoxa çıxan AXCP fəalı İslam İslamzadə Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanadan tapılıb. Bu barədə Meydan TV-yə AXCP mətbuat xidmətindən bildirilib.
Məlum olub ki, Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. Cəbhəçi fəal İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb.
Partiyadan verilən məlumata görə, İ.İslamzadə aprelin 17-də günorta saat 13 radələrində həyat yoldaşı ilə birlikdə Qış parkının yanındakı kitab mağazasına gedib. Həyat yoldaşı düşüb mağazaya girib, özü isə idarə etdiyi “Hyundai Elantra” markalı, 90-TG-814 dövlət-nömrə nişanlı maşında qalıb. Az sonra xanımı mağazadan çıxanda görüb ki, nə özü var, nə də maşını:
“Bir sutka onun haqqında məlumat almaq mümkün olmadı. Aprelin 18-də günorta saatlarında təcridxanadan evinə zəng olunub”.
İ.İslamzadənin həbsi lə son on gündə tutulan AXCP fəallarının sayı 7-yə çatıb. Onlardan 6-na 30 sutka, birinə isə 20 sutka həbs cəzası verilib. Həbs edilənlər arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəal Baba Süleymanov, Nicat Abdullazadə, Vüqar Əbilov da var.
AXCP-dən bildirilib ki, son beş gündə partiya sədri Əli Kərimli və onunla birlikdə yaşayan ailə üzvlərinin də telefon və internet əlaqələri məhdudlaşdırılıb.
Partiya sədrinin müavini Seymur Həzi hesab edir ki, son günlərdə baş verənlər hakimiyyətin Ə.Kərimlinin təcridi ilə bağlı xüsusi planı olmasını sübut edir. Onun sözlərinə görə, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti Ə.Kərimli ilə birbaşa əlaqədə olan şəxslərdir: “Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür”.
Daxili İşlər Nazirliyi isə bu həbslərin müxalifətə qarşı repressiya kimi qiymətləndirilməsini “obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi” adlandırıb.